Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan və qonşu ərazilərin geodinamik şəraiti müzakirə olunur
08.09.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan və qonşu ərazilərin geodinamik şəraiti müzakirə olunur

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Azərbaycan və onunla qonşu ərazilərdə aparılan GPS monitorinqi əsasında müasir geodinamik şəraitə dair əldə edilmiş yeni nəticələrin müzakirəsinə həsr olunmuş beynəlxalq seminar və gənc alimlər üçün payız məktəbi öz işinə başlayıb.

ABŞ ilə yanaşı, Rusiya, Türkiyə və Gürсüstan alimlərinin də iştirak etdiyi tədbirin təşkilatçıları AMEA Yer Elmləri Bölməsi və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutudur (MTİ).

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, ərazilərin geodinamik vəziyyətinin öyrənilməsi, zəlzələ risklərinin qiymətləndirilməsi müasir iqtisadi və sosial həyatın inkişafından irəli gələn məsələlərdir. Bu istiqamətdə aparılan tədqiqatların nəticələri dünya ictimaiyyətinin dayanıqlı inkişafına xidmət etməlidir. Beynəlxalq seminarın təşkilində məqsəd dünya alimlərinin diqqətini regionun geoloji təkamülünə daha çox cəlb etmək, aparılan tədqiqatların səmərəliyini qarşılıqlı təcrübə əsasında artırmaqdır.

Seminarda, həmçinin MTİ-nin professoru Robert Reilinger, Moskva Dövlət Universitetinin professoru Vadim Milyukov və başqaları çıxış etdilər.

Tədbir çərçivəsində MTİ-nin GPS sistemi və proqramlarının müəlliflərindən olan Mayk Floyd, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu, Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin Yıldız Teknik Universiteti və Gürсüstanın İliya Universitetinin nümayəndələri, həmçinin GGİ alimlərinin mühazirələri dinlənildi.

Qeyd edək ki, seminar müddətində GGİ və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının iştirakı ilə gənc alimlər üçün payız məktəbi təşkil olunub. Məqsəd iştirakçılara GAMIT/GLOBK proqram təminatı ilə işləmək bacarığı və geoloji interpretasiya qaydalarını aşılamaqdır.

Seminar sentyabrın 12-ə qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: