Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq yay məktəbi” açılıb
09.09.2014 00:00
  • A-
  • A
  • A+

Fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq yay məktəbi” açılıb

Bu gün AMEA Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi öz işinə başladı. AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə layihənin Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində həyata keçirildiyini, layihədə azərbaycanlı mütəxəssislərlə yanaşı, Fransa universitetlərinin alimlərin də iştirak etdiyini bildirdi.

Fəlsəfə və Hüquq İnstitutu ilə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) arasında qurulan elmi əlaqələrdən söz açan İlham Məmmədzadə qeyd etdi ki, həm Azərbaycan alimlərinin təcrübəsini beynəlxalq miqyasda tanıtmaq, həm də Fransa mütəxəssislərinin nailiyyətlərini öyrənmək baxımından tədbir əhəmiyyətlidir.

Tədbirdə 2 ildir ölkəmizdə gənc alimlərin Beynəlxalq Bakı Forumunun keçirildiyi vurğulandı. Həmçinin hər il onlarla gənc alimin beynəlxalq tədbirlərdə iştirak etdiyi diqqətə çatdırıldı.

Azərbaycanda gənclərin elmə marağını artırmaq məqsədilə görülən işlərdən söz açan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev layihə çərçivəsində azərbaycanlı tədqiqatçıların fransız alimlərin məruzələrindən faydalanacağını vurğuladı.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iki ölkə arasındakı əlaqələrdə yüksək nəticə əldə olunduğunu qeyd etdi. O cümlədən təhsil sahəsində də Fransanın bir sıra institutları ilə əlaqələrin qurulduğunu, azərbaycanlı tələbələrin bu ölkədə təhsil almaları üçün imkanların yaradıldığını bildirdi.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Teymur Kərimli XXI əsrin aparıcı motivinin dialoq olduğunu qeyd edərək bildirdi ki, bunun vasitəsilə mədəniyyətlər, sivilizasiyalar bir-birini başa düşür. Bu baxımdan fənlərarası dialoqun əhəmiyyəti də danılmazdır.

Diqqətə çatdırıldı ki, artıq 4-cü dəfə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətin inkişafının dialoqdan asılı olduğunu bir daha göstərir.

Daha sonra İlham Məmmədzadə “Multikulturalizm və fənlərarası tədqiqatlar məsələsinə dair”, institutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, prof. İsaxan Vəliyev “Vicdan azadlığı hüquqi müstəvidə” mövzusunda məruzələrlə çıxış etdilər.

Sentyabrın 11-də yekunlaşacaq “Beynəlxalq yay məktəbi”ndə Azərbaycan və Fransa mütəxəssislərinin məruzələri dinləniləcək və mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: