Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib
24.07.2019 10:08
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) dəvəti ilə kitabxanalar, arxivlər və muzey əməkdaşları üçün UNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Qazaxıstanın Pavlodar Marqulan Mərkəzinin UMAY beynəlxalq elmi araşdırma laboratoriyasının rəhbəri, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan tarixçi, etnoqraf, arxeoloq, bərpaçı-rəssam Tatyana Krupa bir neçə mövzuda ustad dərsi, mühazirə və seminar keçirib.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq rəhbərlik etdiyi müəssisənin son dövrdə kitabxana-informasiya sahəsində beynəlxalq təcrübə meydançasına çevrilməsi, burada akademik qurumlara kitabxana, sərbəst ensiklopedik resurslar, informasiya texnologiyaları üzrə müxtəlif formatlı təlimlər keçirilməsi barədə məlumat verib.

Sonra T.Krupa “Qəzetlərin rəqəmsallaşmadan öncə konservasiyası – əgər bərpa emalatxanası yoxdursa”, “Arxeoloji tekstilin təmizlənməsi və plastifikasiyası” və “V.N.Karazin adına Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanasının fondlarında saxlanılan Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması” mövzularında məruzələrlə çıxış edib. O, dövri mətbuat materialları, köhnəlmiş qəzetlərin rəqəmsallaşmadan əvvəl sənədləşdirilməsi, fiziki-kimyəvi vəziyyətinin yoxlanılması, bərpa üçün hazırlanması və bu prosesin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan beynəlxalq standartlar, şəxsi təcrübəsi haqqında danışıb. Bundan əlavə, arxeoloji qazıntılar zamanı tapılan toxuculuq məmulatlarının təmizlənməsi və konservasiyası, liflərin identifikasiyası və mikroskopik analizinin aparılmasından bəhs edib. Həmçinin Osmanlı dəftərlərinin informasiya daşıyıcısı olaraq tarixi əhəmiyyətindən, onların xüsusi möhürlənmə qaydasından, bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə apardığı tədqiqatlardan söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: