www.science.az
26.07.2019 10:12

MEK-də UNESKO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə “UNESKO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşə doğru” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq 2018-ci ilin aprel ayından başlayaraq kitabxananın UNESKO nəzdində yaradılmış kafedra ilə əməkdaşlığı çərçivəsində mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair bir sıra layihələr həyata keçirdiyini deyib. O, Azərbaycan milli irsinin qorunmasına dair UNESKO-nun ilkin reyestr formatı üçün MEK-in elektron kataloqunun əsas götürüldüyünü və kitabxana tərəfindən “Siyahılar”, “Məzarlar” və “Abidələr” adlı məlumat bazalarının hazırlandığını söyləyib.

Dəyirmi masada, həmçinin “Azərbaycanın Tovuz rayonunun Girzan kəndinin biritual məzarlığının qəbir daşlarına ətraf mühitin təsirinin öyrənilməsi” layihəsinin təqdimatı da keçirilib.

Layihə ilə bağlı çıxış edən UNESKO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, arxeoloq Tatyana Krupa bildirib ki, ekspedisiyalar zamanı qəbirüstü mədəniyyət nümunələrinin qədim Azərbaycan türklərinə məxsus olduğu tarixi faktlarla sübuta yetirilib.

Tədbirdə, o cümlədən rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri, tarixçi Nazim Mustafa, Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Gülşən Hacıyeva, Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov və başqaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işləri, təqdim olunan layihələri müştərək fəaliyyətin nəticəsi kimi yüksək qiymətləndiriblər.

Sonda Qafqaz Tarixi Mərkəzinin erməni yalanlarının ifşasına dair apardığı tədqiqatlar çərçivəsində “Bolgarka” ilə yazılan erməni tarixi” sənədli filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.