www.science.az
23.08.2019 12:15

Akademik Ənvər Nəhmədovu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Avqustun 24-də tanınmış fizikaçı alim, AMEA Fizika İnstitutunun laboratoriya müdiri, Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Pirverdi oğlu Nəhmədovun 60 yaşı tamam olur.

Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb. 1982-84-cü illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində yerləşən A.F.İoffe adına Fizika-Texnika İnstitutunda təcübə keçib.

O, 1988-ci ildə “Güclü anizotropik açıq Fermi səthi olan sistemlərdə zəif lokalizasiya effektləri” mövzusunda namizədlik, 2012-ci ildə “Aşağı ölçülü sistemlərdə korrelyasiya ve aşqar effektləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Alimin nanostrukturlar fizikasında mezoskopik fluktuasiyalar və mis-oksid tərkibli keramikalarda yüksək temperaturlu ifrat keçiricilik effektlərinə dair araşdırmaları Amerika və Avropanın nüfuzlu jurnallarında dərc olunub.

Akademik Ə.Nəhmədov elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, Türkiyə və Almaniyanın universitetlərində tələbələrə mühazirə və aspirantlara ixtisas dərsləri verib. Alimin pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi ilə fizika elmləri üzrə fəlsəfə və elmlər doktorları hazırlanıb.

1991-ci ildə Türkiyənin Marmara Universitetində, 1992-ci ilin sonundan isə İstanbul Texnik Universitetində dəvətli professor kimi çalışan alim ingilis və türk dillərində bakalavr, magistr və aspirantlara dərs deyib. O, 1999-cu ildə Almanyanın Würzburg Universitetinə, 2001-ci ildə isə Max-Planck İnstitutuna dəvət olunub və Drezden şəhərində yerləşən Kompleks Sistemlərin Fizikası İnstitutunda professor P.Fuldenin qrupunda işləyib.

2002-ci ildə Saksoniyanın Chemnitz Texnik Universitetində işə başlayan Ə.Nəhmədov Drezden şəhərində MOSFET diodlarının dəlinmə mexanizmini öyrənmək üçün icra qrupu yaradıb.

2015-ci ildə Azərbaycana dönən alim hazırda AMEA Fizika İnstitutunda Kondensə olunmuş hallar və kvant fazaları laboratoriyasına rəhbərlik edir. Eyni zamanda o, 2016-cı ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsində dekan vəzifəsində çalışır.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifidir.

Nano-strukturlar fizikası, ifrat keçiricilik nəzəriyyəsi, nizamsız yarımkeçiricilərdə Anderson lokalizasiyası, ab-initio DFT hesablamaları, spintronika və topoloji dielektriklər kimi elmi araşdırmalar Ə.Nəhmədovun tədqiqatlarının əsas istiqamətləridir.

O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.

Görkəmli fizikaçı alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.