Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qeylani Pənahovun 65 yaşı tamam olur
23.08.2019 11:04
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qeylani Pənahovun 65 yaşı tamam olur

Avqust ayının 25-də tanınmış alim, Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Minhac oğlu Pənahovun 65 yaşı tamam olur.

Qeylani Pənahov 1954-cü il avqustun 25-də Qusar rayonunun Ənix kəndində anadan olub. O, 1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, elə həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub.

1976-cı ildə institutun Neft və mədən fakültəsini “Dağ mühəndisi” ixtisası üzrə bitirən alim Dağıstan geoloji ekspedisiyasında fəaliyyət göstərib, daha sonra isə Ukraynada Təhlükəsizlik Texnikası İnstitutunda böyük mühəndis vəzifəsində çalışıb. O, 1979-1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik elmi işçi və baş elmi işçi işləyib.

Q.Pənahov 1986-cı ildə “Fiziki sahələrlə quyu məhsullarının reofiziki xüsusiyyətlərini tənzimləməklə neftçıxarmada texnoloji proseslərin səmərəliliyinin artırılması” mövzusunda namizədlik, 1996-cı ildə “Neft-qaz sənayesi üçün yeni kompozit sistemlərin işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə “Mexanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1988-ci ildə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb. O, 1999-2002-ci illərdə həmin institutda Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının rəhbəri işləyib. 2002-ci ildən isə Maye və qaz mexanikası şöbəsinin müdiridir.

Qeylani Pənahov pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1996-2002-ci illər ərzində Azərbaycan Neft Akademiyasında Neftin-qazın nəqli və saxlanılması və Neft yataqlarının işlənilməsi və istismarı kafedralarında professor vəzifəsində işləyib, bir sıra fənnlərdən mühazirələr oxuyub.

Alim tərəfindən müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlərdə elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyi göstərilib, dispers sistemləri axınlarında qapanma mexanizmi verilib, neftqazçıxarmada prosesləri tənzimləmək üçün reokimyəvi əmələgəlmələrin müəyyən termobarik şəraitdə rolu açıqlanıb. O, həmçinin bir sıra tənzimlənə bilən özlü-elastik tərkiblər üçün təkliflər verib ki, bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənaye texnologiyaları yaradılıb. Bu texnologiyalar hazırda Azərbaycan, Rusiya, ABŞ, Çin və Vyetnamda tətbiq olunur. Bundan əlavə o, mayelərin sərhəddində yaranan fluktuasiyanın tənzimlənməsinin lokal təzyiq vasitəsilə mümkünlüyünü göstərərək yeni texnoloji metod irəli sürüb.

AMEA-nın müxbir üzvü Q.Pənahov 180-dən artıq elmi məqalənin müəllifidir ki, onlardan 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini alıb.

O, 1999-cu ildə Rusiya Federasiyası İxtiralar üzrə Akademiyanın və 2003-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi xarici üzvü seçilib.

Alim elm sahəsindəki nailiyyətlərinə görə 2004-cü ildə Akademik V.İ.Vernadski adına RTEA-nın fəxri gümüş medalı, 2009-cu ildə RTEA-nın Fəxri nişanı, 2004-cü ildə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə isə Akademik Azad Mirzəcanzadə adına gümüş medalla təltif edilib.

Görkəmli alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: