www.science.az
11.09.2019 14:06

“Azərbaycan riyaziyyatçıları” kitabının təqdimatı olub

Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” kitabının təqdimatı keçirilib.

RMİ-də baş tutan təqdimat mərasimində çıxış edən M.Mərdanov bildirib ki, yeni nəşrdə qədim dövrlərdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafına mühüm töhfələr vermiş 12 akademik, 14 müxbir üzv, 177 elmlər doktoru və professor haqqında biblioqrafik məlumat yer alıb.

M.Mərdanovun sözlərinə görə, kitabda, həmçinin Azərbaycanın dahi ensiklopedik alimi Nəsirəddin Tusi, onun sələfləri və xələfləri, XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və bu elm sahəsinin inkişafında mühüm xidmətləri olmuş alimlərimiz barədə məlumatlar xronoloji ardıcıllıqla şərh olunur.

Tədbirdə çıxış edənlər kitabın elmi məziyyətlərindən danışıb, müəllifə yeni-yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda əsərin Azərbaycan riyaziyyat tarixinə və elminə dəyərli töhfə olduğu bildirilib.

Qeyd edək ki, riyaziyyat müəllimləri, tələbələr, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitin elmi redaktoru Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.