Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar keçirilib
13.09.2019 10:12
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hürufizmin dünyada tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin iştirakı ilə elmi seminar təşkil olunub.

Seminar Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, institutda həyata keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı tərəfindən imzalanmış müvafiq sərəncamların Nəsimi irsinin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Mütəfəkkir şair Nəsimi ilə bağlı AMEA-da həyata keçirilən tədbirlərdən danışan İ.Həbibbəyli  bildirib ki, ədibin yaradıcılığının araşdırılmasında Ədəbiyyat İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub və bu iş davam etdiriləcək.

Daha sonra filologiya elmləri doktoru Rəhim Əliyev “Fəzlullah Nəimi, hürufilik və Nəsimi” mövzusunda məruzəsini təqdim edib. Alim qeyd edib ki, dövrün elmlərini, din tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənən Nəsimi həm də hürufi Fəzlullah Nəiminin təlimlərindən bəhrələnib. Məruzəçi, həmçinin türk, ərəb, fars, ingilis və fransız dillərini bilən professor Fatih Usluerin Nəiminin və bir sıra hürufi şairlərin əsərlərini tədqiq edərək çapa hazırladığını diqqətə çatdırıb.

Seminarda Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək təmsil etdiyi qurum tərəfindən nəşrə hazırlanmış “Müqəddimətul həqayiq” əsəri barədə məlumat verib.

Tədbirdə Türk Maarif Vəqfinin Oman Sultanlığında Türk dili və ədəbiyyatı bölümünün professoru Fatih Usluer “İmadəddin Nəsimi Fəzlullah Nəiminin əlyazmalarında” mövzusunda məruzə ilə çıxış edib. 17 ildən artıqdır ki, hürufiliyin tədqiqi ilə məşğul olduğunu deyən alim araşdırmalarını üç istiqamət - hürufilərin fəlsəfəsi, hürufilərin tarixi və hürufi mətnlərinin araşdırılması üzrə apardığını bildirib.

Sonda türkiyəli qonaq Fatih Usluer mövzu ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: