www.science.az
15.09.2014 00:00

Fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi yekunlaşıb

AMEA Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi yekunlaşıb. AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə institutun alimləri ilə yanaşı, Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) tədqiqatçıları da məruzə ilə çıxış ediblər.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadə çıxışında İslam regionunda və Azərbaycanda fəlsəfə və fəlsəfə tarixi tədqiqatlarının aktual problemlərinə toxunub.

Rusiya Pyotr Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru, prof. Əbülhəsən Abbasovun məruzəsi mürəkkəblik fəlsəfəsi postneoklassikanın metonəzəri əsası mövzusunu əhatə edib.

Fransız alimi prof. Xavier Latour dünyada baş verən terror aktlarına qarşı mübarizə üsullarından danışıb. O, Fransada terrorizmlə mübarizənin beynəlxalq hüquqa uyğun olduğunu və mübarizə zamanı insan hüquqları məsələsinin əsas meyar kimi nəzərə alındığını bildirib.

Fransalı tədqiqatçı Piyer İv Kivijyer mənəvi və hüquqi normaların tarixi, hüquq və əxlaq prinsiplərindən danışaraq hüquqşünas və filosofların mövzuya baxışlarını da müqayisəli təhlil edib.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə təsəvvüf və həyat fenomenologiyasının, xüsusilə İslam təsəvvüf fəlsəfəsinin mahiyyətini açıqlayıb. O, təsəvvüf və sufizmin Azərbaycandakı rolu məsələsinə də toxunub.

Estetikanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov “Mahiyyətin gerçəkləşmiş və gerçəkləşmədən təzahürü: gözəllik və eybəcərlik” adlı məruzəsində dinlərdə gözəllik, dövlətlər üçün gözəllik modellərindən söz açıb.

Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov dini fundamentalizm barədə məruzə edib. Onun mahiyyəti, ideya siyasi istiqamətləri, İslam fundamentalizminin tarixindən danışıb.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.