Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yaponiyalı alimlər Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
20.09.2019 16:48
  • A-
  • A
  • A+

Yaponiyalı alimlər Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, katibi Sumiuo Qgo və baş mühəndis Eiti Uoide AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə iki qurum arasında uzun illərdir davam edən əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Qonaqlara RSXM tərəfindən aparılan tədqiqatlar barədə məlumat verən Q.Yetirmişli ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələrin həyata keçirilməsinə dair təkliflərini verib.

Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və mərkəzin dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verilməsi məsələlərinə də toxunulub.

T.Hakada isə öz növbəsində Xəzər dənizində birgə əməkdaşlıqla bağlı layihənin hazırlanmasının mümkün olduğunu deyib. Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə müsbət təsir göstərəcəyini söyləyib.

Görüşdə Toti Hakada RSXM-nin baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək beynəlxalq seysmoloji simpoziuma dəvət edib.

Bundan əlavə, tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihaz və texnologiyalara dair fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: