Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Bir şahmatçının memuarı” kitabının təqdimatı olub
03.10.2019 15:44
  • A-
  • A
  • A+

"Bir şahmatçının memuarı” kitabının təqdimatı olub

AMEA-nın Gəncə Bölməsində şahmat üzrə Əməkdar məşqçi Salman Cavadzadənin “Bir şahmatçının memuarı” kitabının təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik Fuad Əliyev çıxış  edərək  kitabın şahmat  tariximizin zənginləşməsinə və daha dərindən öyrənilməsinə dəyərli  töhfə olduğunu bildirib.  Qeyd  edib ki,  nəşrdə dərin düşünmə və təhliletmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.

“Kitabda bildirilir ki, ölkəmizdə  şahmatın  tarixi  çox  qədimdir. Hələ XI-XII əsrlərdə yaşamış böyük Azərbaycan şairləri Nizami  Gəncəvi və Məhsəti  Gəncəvi dərin zəkaya  əsaslanan bu  möcüzəli oyun  haqqında  qiymətli  fikirlər  söyləmişlər. Gözəl  rübailər müəllifi M.Gəncəvi üçün şahmat  fəlsəfə idi və o,  hesab edirdi ki, şahmat onu  Allaha  qovuşduran vasitələrdən biridir.” – deyə F.Əliyev əlavə edib.        

Bölmə sədri ictimaiyyətə təqdim edilən yeni  nəşrin  bu  sirli  oyuna  maraq  göstərənlər üçün  qiymətli  metodik vasitə olduğunu söyləyib. 

Tədbirdə digər çıxış edənlər kitabda şahmatı sərbəst şəkildə öyrənənlər üçün nəzərdə tutulan nəzəri və praktik biliklərin sistemli şəkildə izahı, fiqurların dəyəri, şahmat oyununun elementləri, bir sıra dünya çempionlarının oyun nümunələrinin yer aldığını söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: