www.science.az
03.10.2019 17:15

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi qeyd edilib

Oktyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak ediblər.

Əvvəlcə Əhməd bəy Ağaoğlunun ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirilib. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunub.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Əhməd bəy Ağaoğlu daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutub. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayıb. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilməyib.  O, ömrü boyu xalqımız üçün yazıb, yaradıb.

Sonra Azərbaycanın Macarıstandakı səfiri, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev böyük mütəfəkkirin apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun böyük alim, hüquqşünas, millət fədaisi olmasından söz açıb. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirib. Qeyd edib ki, onda Əhməd bəy Ağaoğluna dair arxiv var. “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”, - deyə o əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.