www.science.az
04.10.2019 09:29

Azərbaycan ədəbiyyatı tarixinə konseptual baxışın mükəmməl nümunəsi

Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də inkişaf və dirçəliş özünü göstərməyə başlamışdır.

Xalqın təkidli tələbilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik qərarı sayəsində artıq "ölüm fitvası" verilmiş Azərbaycan Milli Elmlər Akademiyasının öz fəaliyyətinə yenidən başlaması elm sahəsində ciddi nailiyyətlərə səbəb oldu. Ulu öndərin layiqli varisi kimi cənab İlham Əliyevin ölkə başçısı seçilməsi ilə Azərbaycanda inkişaf və dinamika yeni mərhələyə qədəm qoydu. Hərtərəfli inkişaf yeni məzmun və şəkil qazanmaqla da özünü təzahür etdirməyə başladı. Bu baxımdan elmi tədqiqatlar sahəsində müasir tələblər yeni mərhələyə start verdi. Elm sahəsində aparılan islahatlar və yaradılan şərait dinamik inkişafın təzahürünə çevrildi. Bu sahədə yeni nailiyyətlərdən biri kimi müasirlik çərçivəsində Azərbaycançılıq ideologiyası tələblərinə uyğun yeni elmi tədqiqatların aparılması və əsərlərin çapı xüsusilə təqdirəlayiq oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi tədbirində çıxış edərkən demişdir: "Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. ...Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır". Bu cəhətdən ölkəmizdə elmin baş məbədi kimi Azərbaycan Milli Elmlər Akademiyası müasir tələblərə uyğun milli ideologiya işığında çoxsaylı yeni nəşrlərlə tədqiqatçılıq və ziyalılıq vəzifəsini yerinə yetirmişdir. Son dövrlərdə ortaya çıxan ən təqdirəlayiq nəşrlər içərisində isə xüsusilə diqqəti çəkən və daha çox oxucu marağı qazanan məhz Azərbaycan ədəbiyyatının qədim dövrlərdən bu günə kimi keçdiyi inkişaf yoluna nəzər salan oncildlik fundamental "Azərbaycan ədəbiyyatı tarixi"nın birinci cildidir.

Adıgedən əsərin hələ sovet dövründə və ondan öncə də müxtəlif müəlliflər tərəfindən hazırlandığı və nəşr edildiyini minnətdarlıqla xatırlayırıq. Hələ 60-cı illərdə üç cilddə "Azərbaycan ədəbiyyatı tarixi" hazırlandığını, dövlət müstəqilliyinin qazanılmasından sonra 2004-cü ildə yenə də Azərbaycan Milli Elmlər Akademiyasının altı cilddə bu nəşri yenilədiyi və davam etdirdiyini razılıqla qeyd edə bilərik. Söz yox, dövrə və ideoloji tələblərə uyğun olaraq hər bir nəşrin özünəməxsus xüsusiyyətləri vardır. Əlbəttə, hər bir nəşrin özünün nailiyyətləri və müəyyən cəhətdən nöqsanları, çatışmazlıqları da söhbət mövzusu ola bilər. Lakin əhəmiyyətlisi odur ki, belə nəşrlərin həyata keçirilməsi üçün lazımi cəhdlər olub və dövrü üçün öz nailiyyətləri ilə yadda qalıb. Söz yox, elm sahəsində aparılan tədqiqatlar və onların müsbət nəticələri elmi qənaətləri daim yeniləməyə ehtiyac yaradır. Ölkəmizdə dövlət müstəqilliyinin qazanılması, elm sahəsində həyata keçirilən ardıcıl müsbətyönlü tədbirlər bu sahədə də nailiyyətlərin durmadan artmasına istiqamət vermiş, yeni elmi tapıntılarla zənginləşməsinə şərait yaratmışdır. Xüsusilə xalqımız, ölkəmiz üçün daha çox əhəmiyyət kəsb edən humanitar elmlər sahəsində belə nailiyyətlərdən daha fərqli şəkildə danışa bilərik. Artıq müstəqilliyin qazanılması ilə xalqımızın keçdiyi inkişaf yoluna, onun mədəniyyətinə, tarixinə, ədəbiyyatına və s. yeni tələblərdən yanaşılması və dəyərləndirilməsi bir zərurətə çevrildiyi kimi, açılmamış, qaranlıq qalan çoxsaylı tərəflərinin də öyrənilməsi və aşkara çıxarılmasına tələb artırdı. Məhz belə yeniliklər və yaranan nailiyyətlər artıq "Azərbaycan ədəbiyyatı tarixi"nin də yenidən nəşr edilməsini zəruri ehtiyaca çevirmişdi. Azərbaycan Milli Elmlər Akademiyası da məhz bu zərurəti dəyərləndirərək vaxtında tamamilə yeni məzmunda belə bir nəşrin həyata keçirilməsinə nail olmuş və uğurla tamamlamışdır.  

Adıgedən fundamental əsər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanıb ərsəyə gətirilib. Artıq qeyd edildiyi kimi, on cilddə nəzərdə tutulan fundamental əsərin birinci cildi işıq üzü görüb və Azərbaycan şifahi xalq ədəbiyyatına həsr olunub. Kitabın Baş Redaksiya Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, üzvləri akademik Teymur Kərimli və professor Məhərrəm Qasımlıdır. Kitab akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çapa hazırlanıb. Kitabın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Kitabın ərsəyə gəlməsində çoxsaylı alimlərimizin zəhməti vardır. Burada Məhəmmədhüseyn Təhmasib, Tofiq Hacıyev, Nizami Cəfərov, İsrafil Abbaslı, Məhərrəm Qasımlı, Nizami Cəfərov, Aynur Xəlilova, Qəzənfər Kazımov, Sədnik Paşa Pirsultanlı, Bəhlul Abdulla, Muxtar İmanov, Qəzənfər Paşayev, Ramazan Qafarlı, Təhmasib Fərzəliyev, Kamil Vəliyev, Oruc Əliyev, Əfzələddin Əsgər, İslam Ələsgər, Arif Acaloğlu, Məmməd Əliyev, Azad Nəbiyev kimi alimlərimizin tədqiqatları öz əksini tapmışdır.

Kitab ilk səhifələrindən bizi dərin oxucu marağı ilə çəkən, ona əlavə dəyər və məzmun qatan maraqlı bir ön sözlə başlayır: "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri". Ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Doğrusu, əvvəlki və bir çox əsərlərdən fərqli olaraq, bu ön söz bütün nəşrlərin məzmununa işıq tutması və onlara hərtərəfli aydınlıq gətirməsi ilə fərqlənir. Özü bir monoqrafik tədqiqat əsəri təsirini bağışlayan ön sözdə ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatı tarixinin inkişafı, qaynaqları, ənənələri və mərhələləri göstərilib. Heç cür diqqətdən yayına bilməz ki, görkəmli alim öz tədqiqatçılıq dəsti-xəttinə uyğun olaraq dərin elmi ümumiləşdirmələr aparır, sanballı aparıcı tezislər irəli sürür, bütövlükdə ədəbi inkişafa apaydın bir işıq tutmuş olur. Burada hər şeydən əvvəl tədqiqatın əsas obyekti olan Azərbaycan ədəbiyyatına sərf-nəzər edilir, onun tərifsayağı yığcam mahiyyəti əks etdirilir, səciyyəvi xüsusiyyətləri göstərilir. Bu mənada burada ilk növbədə:

- Azərbaycan ədəbiyyatının elmi tərifi və konseptual məzmunu öz yerini tapır;

- Azərbaycan ədəbiyyatı tarixi öz səciyyəviliyi, özünəməxsus xüsusiyyətləri ilə ümumiləşir;

- Ən qədim nümunələrdən tutmuş bu günə qədərki söz sərvəti xalqın milli sərvəti, mirası olaraq tərifini və yerini tapır;

- İlkin şifahi söz sənəti nümunələri olan ovsun, holavar, sayaçı sözlər və s. ilə bərabər irihəcmli əsərlər, yeni janrlar ciddi ədəbi nailiyyət timsalında təqdim və təhlil edilir;

- Azərbaycan yazılı ədəbiyyatının tarixi məsələsi son elmi tədqiqatlar işığında həllini tapır;

- Çoxəsrlik ədəbi inkişaf və ənənələr məsələsi, ədəbi məktəblər və s. milli varlığın təzahürü və təsdiqi kimi təsbit edilir. Yazılı ədəbiyyatın yaranması, ədəbi ənənələr və məktəblər, xüsusilə ədəbi cərəyanlar və mərhələlər səlis fikir və ciddi təhlillərlə təsbitini tapır. Xüsusilə realizmin meydana gəlməsi və mərhələlər üzrə inkişafı burada dolğun əks etdirilir;

- Ədəbi cərəyanların, xüsusilə romantizm və tənqidi realizmin ictimai fikirdə bir-birini tamamlaması kimi elmi-təhlili fikirlər daha çox maraq və dəyər qazanır;

- Azərbaycan ədəbiyyatı tarixində dövrləşdirmə məsələsinə xüsusi həssas yanaşılması doğru və dolğun tezislərin irəli sürülməsi və təsbiti ilə ümumiləşir və s.

İstər peşəkar, istərsə də qeyri-peşəkar oxucu dərhal müşahidə edir ki, hörmətli akademikin tədqiqində Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsi daha ciddi təhlil mövzusuna çevrilib. Dövlət müstəqilliyindən sonra meyarların dəyişilməsi şəraitində ədəbiyyat tarixinin dövrləşdirilməsi daha çox əhəmiyyət kəsb edib və bu barədə müzakirələr və təşəbbüslər də olub. Elə əsərin özündə də qeyd olunur ki, "XX əsrin 90-cı illərini, bu mənada, əslində, Azərbaycan ədəbiyyatı tarixini yenidən formalaşdırmaq üçün konsepsiya axtarışları dövrü adlandırmaq olar". İsa Həbibbəyli məhz bu çətin və əhəmiyyətli məsələnin üzərinə gəlməklə bütün təşəbbüsləri və meyarları sərf-nəzər edərək Azərbaycan ədəbiyyatı tarixinin dövrləşməsi məsələsinə özünəməxsus yanaşma edir. Akademik dövrləşmə zərurətinin yaranmasını beş müxtəlif səbəblə əlaqələndirərək onların mahiyyətinə də nəzər salır və bu ehtiyacı bütün məzmunu ilə ifadə edir. Alimin yanaşmasında dörd prinsip üzərində dayanılaraq: 1. Azərbaycançılıq məfkurəsi; 2. Sivilizasiya faktoru; 3. Ədəbi-tarixi prosesin reallıqları; 4. Azərbaycanda ədəbi cərəyanlar tezisləri əsas götürülür və dövrləşmənin zərurəti izah edilir. Azərbaycançılığın əsaslarını yazan akademik Azərbaycançılıq prinsipinin üzərində xüsusilə dayanır. Söz yox, uzun illər özgə tələblərdən və yad ideologiyalardan milli dəyərlərimizə yanaşılması ədəbiyyat tariximizin də qeyri-düzgün dəyərləndirilməsilə müşayiət edilib. Bu cəhətdən müstəqillik dövrü ədəbiyyat tariximizi yazarkən bu prinsipin öncüllük, başlıcalıq təşkil etməsini tam haqlı hesab etməliyik. Məhz bu prinsiplərə dayanaraq ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsini diqqətdə saxlayan alim bu bölgünü aşağıdakı şəkildə həyata keçirir:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər).

2. Azərbaycan yazılı ədəbiyytının ortaq başlanğıc dövrü (VII-X əsrlər).

3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).

4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).

5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).

6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).

7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanınıcı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).

8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər).

9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Məhz bu yeni dövrləşmə konsepsiyası ədəbiyyat tariximizin doğru inkişaf tarixi və mənzərəsini təqdim etmək baxımından məqbuldur. Bütün xüsusiyyətlərin nəzərə alınaraq reallaşdırıldığı bu konsepsiya tam bir qənaət halı almaqla milli ədəbiyyat tariximizin yazılmasında bir qanuna, plan-prospektə çevrilir.

"Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin birinci cildi Azərbaycan folkloruna həsr olunub. "Azərbaycan folkloru" başlığı altındakı bölmədə xalqın şifahi söz sərvətinə ciddi yanaşma, dolğun elmi-nəzəri təhlil, dəqiq qiymətləndirmə yer alıb. Onun Azərbaycan xalqının milli düşüncə və yaradıcılıq tarixindəki dəqiq yeri müəyyənləşdirilir. Tarixilik və zənginlik baxımından diqqəti cəlb edən Azərbaycan folkloru xalq yaradıcılığı və milli düşüncənin bədii əksi, ilkin qaynağı olaraq öz təqdimini tapır. Azərbaycan folkloru ilə bağlı deyilən və onu ümumiləşdirən sözlər "Azərbaycan ədəbiyyat tarixi"nin birinci cildinin əsas, başlıca səciyyəsini göstərməyə də imkan verir: "Azərbaycan folkloru xalqımızın milli özünəməxsusluğunun və milli kimliyinin damğası-möhürüdür. Azərbaycan folkloru - milli-mənəvi dəyərlərimizin möhtəşəm xəzinəsi, müdrik bələdçisidir". Bu fikir də çox böyük maraq doğuran ifadədir ki: "Folklor sözün geniş mənasında xalq müdrikliyinin ifadəsi olduğundan buradakı irili-xırdalı bütün janrlar bu və ya digər dərəcədə həmin səciyyəni daşımaqdadır". Bu mənada xalqın ilkin və milli söz sərvəti olan xalq yaradıcılığının - folklorun yazılı ədəbiyyatın mənbəyində və ilkin ədəbi ənənəsində dayanması faktı öz elmi təhlili və təsdiqini də tapır.

Çap olunan bu ümumiləşdirilmiş əsərin digər nəşrlərdən bir sıra fərqli, üstün və özünəməxsus xüsusiyyətləri vardır. Bu, təkcə əvvəlki nəşrlərdə olmayan mövzular və ya bölmələri əhatə etməklə qalmır, eyni zamanda və daha çox əsərin məzmun qatında özünü göstərir. Struktur elə qurulub ki, Azərbaycan folkloru bütün varlığı və məzmunu ilə öz əksini tapa bilib. Folklor anlayışını əhatə və ehtiva edən nə varsa, yeni məzmunda öz təqdimini tapıb və şərh edilib. Burada bədii-fəlsəfi düşüncənin qaynağını təşkil edən mifologiyanın da əvvəlki nəşrdə olduğu kimi xüsusi bölmədə şərh olunması diqqəti çəkən bir haldır. Bunun bir əhəmiyyəti də ondadır ki, mif, sözün əsl mənasında, bir xalqın, etnosun qədim tarixinin mənbəyində dayanır. Azərbaycan xalqının mifik təfəkküründən bəhs etməyə imkan verən mif və onun törəməsi olan əsatir, əfsanə, rəvayət və sairdən ayrıca bəhs olunması xüsusi razılıq doğura biləcək bir haldır. Çünki "mifologiya tarixi-milli mentalitetin meydana çıxdığı müəyyən dünya modelinin yaranmasını, strukturunu, yaşama və fəaliyyət mexanizmini əks etdirir, açıqlayır, nizamlayır... Mif-əsatir hər bir mədəniyyətin həm təməlini, həm də müasir məzmununu müəyyənləşdirən ilkin təfəkkür hadisəsidir". Türk xalqlarının vahid fəlsəfi-bədii düşüncəsi burada - mifologiyada tam şəkildə öz vahidliyini və tamlığını təsdiq etdirir. Konkret nümunələr və müqayisələr təhlilində məhz bu qənaət uğurlu bir nəticə kimi bölmənin nailiyyətini təzahür etdirir. Bütün tarixi inkişaf boyunca yaradılış, varlıq modeli haqqında düşüncənin bir-birini izləməsi və tamamlaması isə bölmənin ortaya çıxardığı digər uğurlu nəticələrdən biridir. Burada, həmçinin, miflər konkret və son dəqiq bölgü ilə də təqdim edilir: 1. Kosmoqonik (kosmoloji) miflər; 2. Etnoqonik (genealoji) miflər; 3. Təqvim mifləri. Bu fikir də bir qənaəti tamamlayır ki, "...türk-Azərbaycan mifologiyasının qaynaqları, əslində, qədim və zəngin türk mədəniyyətinin bütün mətnləridir". Geniş bəhs olaraq açılan və öyrədilən mifologiya anlayışı tam mənasında Azərbaycan fəlsəfi-bədii düşüncə tarixini şərh etməyə və mənimsətməyə istiqamətlənib. Anlatma dili mükəmməl olan bölmədə "mifoloji görüşlər barədə hər hansı bir informasiya daşıyan bütün yazılı, şifahi, təsviri və sair mətnlər mifoloji araşdırmalar üçün qaynaq təşkil edir" (s.261). Maraqlıdır ki, bu, "Boz qurd əfsanəsi", "Kitabi-Dədə Qorqud"dan tutmuş ən müasir dövrümüzün ədəbi və sənət nümunələri ola bilər. Əfsanələr, rəvayətlər də törəmə janrlar olaraq mifoloji təfəkkürün tamlığına xidmət etməklə onun inkişaf yolu və davamını təsbit edir.

Ardınca "Arxaik folklor janrları" haqda bəhsin gəlməsi ardıcıllığı tamamladığı kimi, bilikləri də zənginləşdirməyə və məntiqi bağlılıqla vahid anlayış yaratmağa uğurla xidmət edir. Məlum edilir ki, "Azərbaycan folklorunda inanclar-sınamalar, ovsunlar, fallar, andlar, alqış və qarğışlar xalq yaddaşının bədii əks-sədasının ilkin janrları kimi qəbul olunur" (s.263). Ədalətlə demək olar ki, əvvəlki ənənəvi folklor dərslikləri və vəsaitlərindən fərqli olaraq, burada yeni anlayışlar haqda da geniş, təfərrüatlı məlumatlar verilir və terminoloji anlayışlar geniş məzmunda dəqiq mənada öz təsbitini tapır. Burada inanclar sisteminə əsaslı münasibətin göstərilməsi də diqqəti cəlb edən və əvvəlki vəsaitlərdən fərqli xüsusiyyətini ortaya çıxaran bir haldır. Əgər mətnləri nəzərə alsaq, mifologiyanın da, inanclar sisteminə daxil olan inanclar və ovsunların da ən qədim dövrlərdən əcdadların həyat, yaşayış və düşüncə tərzinin təzahürü olduğunu, həm də özündə həyata, dünya və kainata, ümumən varlığa münasibətdə bir dərk missiyası daşıdığını aydın görə bilərik. Buna görə xalqların qədimliyində mifologiya da, inanclar da bu qədər əhəmiyyətli rol oynayır. İndi tam aydınlığı ilə başa düşmək olur ki, sovet ideologiyası çərçivəsində yazılan əsərlərdə niyə bu kimi vacib elementlər özünə yer tapmır, onlar haqqında bəhs olunmurdu. Bu kitabda ilk dəfə belə anlayışlar haqda geniş bəhs olunması məhz onun üstün cəhəti və fərqli keyfiyyətini  nümayiş etdirir.

Azərbaycan folkloruna həsr olunan "Azərbaycan ədəbiyyatı tarixi" kitabının I cildində müxtəlif tanınmış alimlərimizin zəhmətkeş əməyi ilə "Mərasim folkloru", "Əmək nəğmələri", "Əfsanələr", "Rəvayətlər", "Bayatılar", "Xalq mahnıları", "Nağıllar", "Xalq gülüşü", "Lətifələr", "Qaravəllilər", "Atalar sözü və məsəllər", "Tapmacalar", "Meydan tamaşaları", "Xalq dramları", "Uşaq folkloru", "Qam-şaman kompleksi", "Qədim türk eposu", "Ozan-qopuz ənənəsi", "Oğuznamələr", "Kitabi-Dədə Qorqud", "Aşıq sənəti", "Aşıq mühitləri", "Aşıq rəvayətləri", "Ustad aşıqlar", "Qurbani", "Abbas Tufarqanlı", "Sarı aşıq", "Xəstə Qasım", "Abdalgülablı Valeh", "Aşıq Alı", "Aşıq Hüseyn Şəmkirli", "Aşıq Ələsgər", "Molla Cuma", "Aşıq Hüseyn Bozalqanlı", "Aşıq Şəmşir", "Mikayıl Azaflı", "Dastanlar", "Koroğlu" eposu", "Folklorşünaslıq" kimi bölmələr və ya başlıqlar altında Azərbaycan folklorundan bəhs edilir. Təkcə başlıqlara diqqət etdikdə Azərbaycan şifahi düşüncə və söz sənətini mükəmməl ehtiva edən bir fundamental, əvəzsiz bir əsərin qarşınızda durduğuna qətiyyətlə inanırsınız. Hərtərəfli bəhs edilən və bütün təfərrüatları ilə şərh olunan folklor mühiti xalqımızın zəngin şifahi söz sənətini təzahür etdirdiyi kimi, qədim və zəngin bir tarixə, həyat və yaşayış tərzinə malik olduğunu da təsdiq edir. Burada ayrıca və genişliklə bəhs edilən "Qam-şaman kompleksi", "Qədim türk eposu", "Ozan-qopuz ənənəsi", "Oğuznamələr", "Kitabi-Dədə Qorqud" kimi bölmələr Azərbaycan xalqının mədəni irsinin ümumtürk və ümumdünya mədəniyyəti kontekstində təhlil edilərək yerinin müəyyənləşdirilməsinə imkan verir. Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra 2004-cü ildə nəşr edilən "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin birinci cildindən fərqli olaraq, budəfəki yeni nəşrə yeni bölmələr, o cümlədən, "Xalq gülüşü" (müəllifi Muxtar İmanov), "Oğuznamələr" (müəllifi Əfzələddin Əsgər), "Aşıq rəvayətləri" (müəllifi Aynur Xəlilova), "Aşıq Alı" (müəllifi Məmməd Əliyev), "Mikayıl Azaflı" (müəllifi Qəzənfər Paşayev) və s. kimi bölmələr artırılıb. 

Çox razılıqla demək olar ki, əsərdə Azərbaycan multikulturalizmi bütün dolğunluğu ilə ortaya qoyulub. Xalqımızı fərqləndirən və onun nailiyyətini təzahür etdirən səciyyəvi keyfiyyət kimi multikultural dəyərlərin bədii söz sərvəti, eləcə də, düşüncə və yaşayış tərzində təsbiti fonunda əks edilməsi bu əsərin mühüm keyfiyyətlərindəndir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də AMEA-nın 70 illik yubileyi tədbirində çxış edərkən multikultural dəyərlərin tədqiqi və təbliği məsələsinə xüusi diqqət çəkərək demişdi: "Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır".  Bu mənada Azərbaycan alimləri Azərbaycan xalqının zəngin şifahi söz sənətində bir meyar və humanist fərdi keyfiyyət olaraq təzahür edən multikulturalizmi bayatılarda, nağıl və dastanlarda, xüsusilə xalqımızın ana abidəsi, bahadırlıq dastanı və dövlətçilik salnaməsi olan "Kitabi-Dədə Qorqud" dastanında, böyük həyat məktəbi olan, zəngin müdriklik və hikmət xəzinəsi sayılan atalar sözləri və məsəllərdə və digər nümunələrdə fikri-bədii əksini təsbit edərək təqdim ediblər.

Bu əsərin başqa xüsusi bir əhəmiyyəti də ondadır ki, alimlərimiz təkcə xalqın şifahi söz sənətindən yola çıxaraq xalqımızın, bu söz sərvətini yaradanların məhz bu torpaqların ilkin və əzəli sakinləri olmasını tam mənasında təsdiq və təsbit ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik tədbirindəki çıxışında diqqətə çatdırararq demişdi: "Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar". Məhz bu söz sərvəti vahid bir həyat, yaşayış və düşüncə ənənəsinə dayanaraq onun əsl sahibi olan Azərbaycan türklərinin bu torpaqlarda yaşayaraq məhz sivilizasiya, mədəniyyət yaratdıqlarını və onun əsl sahibləri olduqlarını təsdiq edir. Uzun və çətin bir zəhmətin bəhrəsi olaraq çap olunan 1072 səhifəlik bu kitab da məhz bu fikrin qəti təsdiqi, yazılı sənədi, mənəvi pasportudur.

Haqqında razılıqla bəhs etdiyimiz çoxcildlik fundamental "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildi özündən əvvəlki nəşrlərin xələfi olaraq ən yaxşısı, ondan sonra nəşr ediləcəklərin isə sələfi, yönləndiricisi, zəmini kimi xüsusi qiymətə malikdir. Bu əsər dövlət müstəqilliyimizin inkişaf etmiş bir dövrünü yaşadığımız illərdə xalqımızın milli sərvətinə, onun mənəvi mədəniyyəti və söz xəzinəsinə verilən yüksək dəyər kimi razılıqla qarşılanır. Bu əsər elmi bir nəşr olduğu, alimlər, müəllimlər, tələbələr, tədqiqatçılar üçün olduqca vacib əhəmiyyət daşıdığı kimi, həvəskar oxucular, şifahi söz sənəti ilə maraqlananlar üçün də qiymətli bir əsər, təkrarsız bir mənbə olacaqdır. Bu nəşrin və onun kimi çap materiallarının timsalında xalqımızın dahi rəhbəri Heydər Əliyevin bir fikri tam mənasında öz təsbitini tapır: "Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışdır". 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırlayıb nəşr etdirdiyi on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildi mühüm azərbaycanşünaslıq hadisəsidir.

Əbülfəz QULİYEV, AMEA-nın müxbir üzvü

Ramiz QASIMOV, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet