Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Zoologiya İnstitutunun direktorunu 60 illik yubileyi münasibətilə təbrik edirik!
18.10.2019 11:37
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun direktorunu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Oktyabrın 20-də tanınmış alim, AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovun 60 yaşı tamam olur.

Elman Fərhad oğlu Yusifov 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub. O, 1977-ci ildə Bakı şəhəri 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində elektronika ixtisası üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra o, AMEA-nın Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 

E.Yusifov 1990-cı ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun əyani aspiranturasını bitirib. O, “Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fetmentinin 3A dəqiqlikdə rentgen-struktur analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.

Alim 2000-2002-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik Elmi Tədqiqat İnstitutunda direktor müavini, 2005-2016-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində çalışıb, 2016-cı ildən isə həmin institutun direktorudur. O, 2005-2016-cı illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında dosent, mülki-müəllim kimi dərs aparıb.

Bir çox yerli və xarici jurnalların redaksiya heyətinin üzvü olan alim Azərbaycanın “Qırmızı Kitabı”nın (fauna)  ikinci nəşri üçün materialların hazırlanmasında yaxından iştirak edib. E.Yusifov 60-dan çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 4 kitab, 1 ekoxəritə və 3 kitabçanın həmmüəllifidir.

Onun müəllifi olduğu “Abşeron yarımadasının təbiət abidələri” kitabı biomüxtəlifliyin mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm baxımından faydalıdır. Belə ki, kitabda Abşeron yarımadasının landşaftı, floristik, geoloji-paleontoloji təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan canlılar haqqında sistemli şəkildə məlumatlar yer alıb. Eyni zamanda, Azərbaycan florasına xas olan yüzdən artıq bitki növünün təsviri verilib, ilk dəfə olaraq bir çox nadir təbiət abidələrinin orijinal fotoşəkilləri təqdim edilib, ekoloji xəritələr çəkilib.

Alimin həmmüəllifi olduğu “Ekoloji menecment” dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün dəyərli məlumat mənbəyidir. İki hissədən ibarət olan dərsliyin birinci cildində ekoloji təfəkkürün tarixi, biosenozlar, ekosistemlər, maddələrin dövranı, ekoloji amillər barədə ətraflı məlumat verilib. İkinci cilddə isə canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətləri və s. bəhs olunur.

O, BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı, V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatı, VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatına layiq görülüb. Alim 2018-ci ildə parlamentinsesi.az saytı tərəfindən ictimaiyyət arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən "Şərəfli ömür" fəxri diplomuna, 2019-cu ildə isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekologiya və biolojimüxtəlifliyin qorunması sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmana layiq görülüb.

Elman Yusifovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: