Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

21.10.2019 09:26
  • A-
  • A
  • A+

Naxçıvanda akademik İsa Həbibbəylinin 70 illik yubileyi qeyd olunub

Naxçıvanda akademik İsa Həbibbəylinin 70 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyinə həsr olunan “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar açaraq Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış görkəmli alimin çoxşaxəli yaradıcılığından bəhs edib. Bildirib ki, akademik İsa Həbibbəyli XX əsrin 20-30-cu illərində muxtar respublikada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbus, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü ehtiva edən ədəbi meyilləri ümumiləşdirib.

“Akademik İsa Həbibbəyli və müasir Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış edən Asim Yadigar bildirib ki, görkəmli ictimai xadim İkinci Dünya müharibəsindən sonra, 1950-1960-cı illərdə Naxçıvanda yetişmiş İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində ümumi meyilləri təhlil edib. Daha sonra o, XX əsrin 70-80-ci illərində və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələlərini araşdırıb. Bu dövrdə nəsrə meyillilik müşahidə edən alim yerli ədəbi qüvvəyə Xalq yazıçısı Hüseyn İbrahimovun başçılıq etdiyini vurğulayaraq, bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil edib və onu “Nəcibliyin zirvəsində dayanan söz ustası”, “Sənəti vəhdətdə olan sənətkar” adlandırıb.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli bu gün də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. O, Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığını yüksək qiymətləndirir. Görkəmli alim Naxçıvan mühitinin yetirməsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq edib, bu araşdırmaların nəticəsi olaraq “Ədəbiyyat və mətbuat cəbhəsində” monoqrafiyası ərsəyə gəlib. Alimin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə əlaqəsi olan Xalq şairi Məmməd Araz, Adil Babayev, Məmməd Cəfər, Abbas Zamanov, Əziz Şərif kimi tanınmış ədəbiyyat və sənət adamlarının tədqiqi də mühüm yer tutur.

Tədbirdə “İsa Həbibbəyli yaradıcılığında Cəlilşünaslıq” mövzusundakı məruzə ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli qeyd edib ki, akademik İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi böyük satira ustası Cəlil Məmmədquluzadə irsinin tədqiqinə və nəşrinə həsr olunub. Alimin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, eləcə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Bu mövzuda görkəmli akademikin “Cəlil Məmmədquluzadə”, ”Zamanın dühası”, “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı bir-birindən qiymətli monoqrafiyaları, ümumilikdə, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. 

Daha sonra şair Həsənalı Eyvazlının “İsa Həbibbəyli və Naxçıvanda ədəbi tənqid”, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Şəhla Şirəliyevanın “İsa Həbibbəyli və Naxçıvan ədəbiyyatşünaslıq məktəbi”, “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qəribin “Gənc ədəbi qüvvələrin yetişməsində İsa Həbibbəylinin rolu” mövzusunda məruzələri dinlənilib. 

Tədbirdə iştirak edən digər elm, sənət adamları yubilyarı təbrik edib, ona fədakar elmi-ictimai fəaliyyətində uğurlar arzulayıblar.

Sonda akademik İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib. O, ədəbiyyat nümayəndələrinə gələcək fəaliyyətlərinin təşkili istiqamətində dəyərli tövsiyələr verib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Alim 9 cilddə “Molla Nəsrəddin” jurnalını Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə hədiyyə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: