Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2019 14:37
  • A-
  • A
  • A+

Görkəmli torpaqşünas alim Məmmədəmin Salayevin 110 illiyi qeyd olunub

Görkəmli torpaqşünas alim Məmmədəmin Salayevin 110 illiyi qeyd olunub

Noyabrın 4-də akademiyanın Əsas binasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) təşkilatçılığı ilə görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü Məmmədəmin Salayevin anadan olmasının 110 illiyinə həsr edilən konfrans keçirilib.

Tədbir çərçivəsində alimin həyat və fəaliyyətindən bəhs edən "Elmə həsr olunmuş ömür" kitabının təqdimatı da baş tutub.

Konfransda AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın müşavirləri, akademiklər - Urxan Ələkbərov, Qərib Məmmədov, BTEB-ə daxil olan elmi müəssisə və təşkilatların direktorları, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları, eləcə də respublikanın torpaqşünas alimləri iştirak ediblər.

Tədbiri akademik Əhliman Əmiraslanov açaraq konfrans iştirakçılarını AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev adından salamlayıb. Qeyd edib ki, Azərbaycan torpaqlarının xəritələşməsinin əsas təşəbbüskarlarından biri olan M.Salayevin həm də Torpaqşünaslıq və Aqrokimya İnstitutunun formalaşmasında, maddi-texniki bazasının zənginləşməsində və gənc kadrların hazırlanmasında müstəsna xidmətləri olub. Diqqətə çatdırıb ki, alimin Azərbaycanın Qərb bölgəsinin meşə zolaqlarının salınmasında, Kür-Araz düzənliyinin su təsərrüfatının, Dağlıq Qarabağ suvarma kanalının və Mingəçevir su qovşağının tikilməsində, eləcə də Kiçik Qafqaz torpaqlarının tədqiqində xüsusi əməyi var. Ə.Əmiraslanov alimin uzun illər bir çox ekspedisiyalara rəhbərlik etdiyini, apardığı tədqiqatlar nəticəsində həmmüəlliflərlə birgə “Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəsi”ni ərsəyə gətirdiyini söyləyib.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Babayevin "AMEA-nın müxbir üzvü Məmmədəmin Salayevin elmi və elmi-təşkilati fəaliyyəti" mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin akademiklər - İradə Hüseynova, Urxan Ələkbərov, TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aqrar elmlər üzrə fəlsəfə doktorları - Vilayət Həsənov və Roza Əliyeva çıxış edərək M.Salayevin respublikamızın torpaqlarının tədqiqi və xəritələşdirilməsindəki xidmətlərindən, gənc kadrların hazırlanmasındakı rolundan danışıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda alimin oğlu Fuad Salayev çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: