www.science.az
16.09.2014 00:00

Xəzər dənizinin problemlərinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başladı

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi problemlər üzrə Birləşmiş Şuranın “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” XVIII birgə sessiyası öz işinə başladı.

Tədbirdə Rusiya (Moskva, Sank-Peterburq, İrkutsk, Həştərxan və. s.), Belarus, Qazaxıstan Gürcüstan və s. ölkələrdən 50-yə yaxın alim-mütəxəssis, eləcə də Azərbaycandan olan coğrafiyaçı alimlər, əlaqədar müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. O, Cənubi Xəzər hövzəsinin neft və qaz potensialının geodinamik modeli haqqında danışdı.

Sonra institutun direktoru, akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin və antropogen yüklənmələrin Xəzər dənizinin ekosisteminə təsiri” mövzusunda təqdimatla çıxış etdi.

Sessiyada Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, professor Arkadiy Tişkov və başqaları Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosial-coğrafi problemləri, eləcə də Avrasiya məkanında müxtəlif coğrafi (regional və yerli) ərazilərin dayanıqlı inkişafı ilə əlaqədar müzakirələr apardılar.

Qonaqlar üçün Bakı şəhəri üzrə Xəzər dənizinin sahilyanı ərazilərinə və Böyük Qafqazın Şimal-Şərq yamacına tanışlıq məqsədi ilə ekskursiya təşkil olundu.

Qeyd edək ki, sessiya öz işini sentyabrın 20-dək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.