Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elm bölüşdükcə artan xəzinədir
08.11.2013 00:00
  • A-
  • A
  • A+

Elm bölüşdükcə artan xəzinədir

10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günüdür.
VII əsrin tanınmış hind alimi, müdrik kəlamlar ustadı Bhartihari elmin beynəlmiləlləşməsi zəruriliyini: “Elm bölüşdükcə artan xəzinədir” deməklə ifadə etmişdir. Bir zamanlar Qərb alimlərinin Şərqə üz tutaraq gəlməsi və burada məhz birgə əməkdaşlıq sayəsində bir çox elmlərin əsasının qoyulması danılmaz faktdır. Müasir dövrdə elmin dinamik inkişafını əməkdaşlıq əlaqələrini genişləndirmədən təsəvvür etmək qeyri-mümkündür. Hazırda ən nüfuzlu elmi təşkilatlar və institutlar belə dünya ölkələrinin, o cümlədən Azərbaycanın elmi qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar. Bu vacib meyarı dəyərləndirən BMT Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş ilk rəsmi konfransda üzv dövlətləri təkidlə alimlər arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması, inkişaf etdirilməsinə dəstək olmağa çağırmışdır. Həmin çağırış indi də qüvvədədir və bu gün dünya alimlərinin birliyinə daha çox ehtiyac duyulur. Hər il elm həftəsinin keçirilməsi beynəlxalq miqyasda yeni cəmiyyətin quruculuğuna böyük töhfədir. Bu hadisə müxtəlif mövzular üzrə daha geniş şəkildə, əhəmiyyətli elmi mübadiləyə, eləcə də elm və sülhə dair problemlərin qarşılıqlı əlaqəsi ilə bağlı ictimaiyyətin maarifləndirilməsinə meydan açır. Hər il elm həftəsi iştirakçılarının sayının artması, eləcə də müxtəlif ölkələrin rəhbərləri tərəfindən milli elm gününün təsis olunması da buna dəlalət edir.YUNESKO ənənəvi olaraq hər il elmi və ictimai kollektivlər, təhsil müəssisələri və hökumət təşkilatları ilə Beynəlxalq Elm Gününün hədəflərini təcəssüm etdirən iri miqyaslı layihələr həyata keçirir. 2002-ci ildən etibarən dünyada qeyd edilən elm həftəsi çərçivəsində universitet və digər ali təhsil müəssisələri, elmi institutlar, assosiasiyalar tərəfindən elmi-texniki tərəqqi ilə sülh və təhlükəsizliyə dəstək arasında əlaqələr haqda informasiyanı özündə əks etdirən seminarlar, xüsusi diskussiyalar və digər tədbirlər keçirilir. Bu tədbirlərin sırasına elmi əməkdaşlığın inkişafında xüsusi rola malik açıq qapı günləri, seminar və dəyirmi masalar, muzey və sərgilərə ekskursiyaların təşkili və s. daxildir.
 
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: