Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2019 15:48
  • A-
  • A
  • A+

"Gender bərabərliyi, əmək hüquqları və elm" mövzusunda konfrans keçirilib

"Gender bərabərliyi, əmək hüquqları və elm" mövzusunda konfrans keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə "Gender bərabərliyi, əmək hüquqları və elm" mövzusunda konfrans keçirilib.

Akademiyanın Əsas binasında baş tutan tədbirdə elmi müəssisələrin həmkarlar təşkilatlarının, eləcə də qadınlar şuralarının sədrləri iştirak ediblər.

Konfransı AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq ölkəmizdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı məsələlərə daim xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, kişilər və qadınlar arasında hüquq bərabərliyi Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı şəkildə əksini tapıb, eləcə də ölkəmizdə bu sahədə bir sıra beynəlxalq sazişlər ratifikasiya edilib, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul olunub. AMEA-nın ictimai həyatında qadınların aktiv rol oynadığını deyən H.Qurbanov 2018-ci ildə akademiyada Qadınlar Şurasının yaradıldığını və qısa zaman ərzində bu təşkilat tərəfindən ciddi işlərin görüldüyünü bildirib.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova son illər Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdəki rolu və mövqeyinə diqqət artırılıb, onların peşə fəaliyyəti, ailədaxili münasibəti, təhsil hüquqları ilə bağlı qanunvericilik istiqamətində mühüm qərarlar qəbul edilib. Azərbaycanın gender məsələləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini deyən N.Axundova 2006-cı ildən etibarən ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini xatırladıb. Akademik bu gün Azərbaycan qadınının dövlətimizin ali strukturlarında təmsil olunduğunu, respublikanın sosial, siyasi, iqtisadi quruculuğunda fəal iştirak etdiyini vurğulayıb.

Daha sonra Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək qadınların AMEA-nın elmi-ictimai həyatındakı rolundan və fəaliyyətindən danışıb.

Sonda fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin "Azərbaycan elminin gender mənzərəsi" və hüquq üzrə fəlsəfə doktoru Bəhruz Kərimovun "Azərbaycan Respublikası Əmək Qanunvericiliyində qadın hüquqları" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: