Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22.11.2019 09:33
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib

Noyabrın 19-da Qazaxıstanın Almatı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin elm, texnologiya və innovasiyaların inkişafı sahəsində fəaliyyətinə dəstək üçün hazırlanmış “İƏT-15 Dialoq Platforması” (OİC-15 Dialogue Platform) konsepsiyasının müzakirəsi və qəbul edilməsi məqsədilə iclas keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təmsil edib.

Qeyd edək ki, “İƏT-15 Dialoq Platforması”nın yaradılması təklifi İƏT-in Elm və Texnologiya üzrə 2017-ci ildə Astanada keçirilən ilk sammitində irəli sürülüb. Təşkilatın 2019-cu ildə keçirilən Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasının müvafiq qətnaməsində İƏT Baş Katibliyi, Qazaxıstan hökuməti və İƏT-in Elm və Texnologiya sahəsində Əməkdaşlıq üzrə Daimi Komitəsinə (COMSTECH) platformanın yaradılması üçün üzv dövlətlərlə məsləhətləşmələr yolu ilə müvafiq konsepsiya və mexanizmin yaradılması həvalə edilib.

Platforma İƏT ölkələrinin elm və texnologiya sahəsində müvafiq qurumlarının rəsmilərini bir araya gətirərək İƏT regionunda bu sahədə olan sistematik problemlərin müəyyənləşdirilməsi və onların həlli məqsədilə tövsiyələrin verilməsi üçün dialoqu həyata keçirib.

İclasda çıxış edən İƏT-in Baş katibinin elm və texnika məsələləri üzrə köməkçisi, Qazaxıstan Respublikası Xarici işlər nazirinin müavini Askar Musinov elm və texnikanın inkişafının müsəlman dünyasının qarşılaşdığı ətraf mühitin çirklənməsi, enerji çatışmazlığı, su mənbələrinin azlığı kimi problemlərin aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.

Məruzəçi, həmçinin İƏT-in üzv dövlətlər arasında elm, texnologiya, ali təhsil və elmi tədqiqat sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: