www.science.az
02.12.2019 09:29

Şəkidə Nəsiminin 650 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq konfransın təşkilatçıları AMEA-nın TarixŞərqşünaslıqElm Tarixi institutları və Şəki şəhər İcra Hakimiyyətidir.

Tədbirdən öncə Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Konfransı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, şairin yubileyi Şəki şəhərində də silsilə tədbirlərlə qeyd olunub, onun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecələr, esse, şeir və bədii qiraət müsabiqələri keçirilib, rəsm, kitab sərgiləri təşkil edilib.

Vurğulanıb ki, ədəbiyyat və fəlsəfə sahəsində zəngin irs qoyan Nəsimi öz yaradıcılığında mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. Şairin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının zənginləşməsində müstəsna rolu var.

Daha sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək böyük mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verib. Vurğulayıb ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlətimizin başçısının Azərbaycanın milli mənəvi dəyərlərini xüsusi diqqət mərkəzində saxladığını göstərir.

Nəsimiyə həsr olunan beynəlxalq elmi konfransın Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını deyən Yaqub Mahmudov bildirib ki, bu diyar Azərbaycanın, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. 2700 ildən çox yaşı olan bu qədim Azərbaycan şəhəri böyük mütəfəkkirlər yetişdirib. Ona görə də Şəkidə Nəsiminin yubileyinin keçirilməsi son dərəcə əlamətdardır.

“Sovet dönəmində Nəsiminin guya İslam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. Şair dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təşəbbüsü orta əsrlər Avropasındakı dini islahatlardan – Reformasiya hərəkatından daha öncə baş verib” - deyə akademik Y.Mahmudov qeyd edib.

Tədbirdə Türkiyənin Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Türkiyənin Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi”, Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsiminin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib. 

Elmi konfransda “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində türkiyəli alimlər Rəfiq Turan və Selma Yelə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Beynəlxalq konfrans bölmə iclaslarında öz işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.