www.science.az
03.12.2019 16:35

Tibb elminin prioritet istiqamətlərinə dair müzakirələr aparılıb

Dekabrın 3-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Milli Elmlər Akademiyasının Klinik Translayasyon və Regenerator Təbabət üzrə Əlaqələndirmə Şurasının (KTRTƏŞ) iclası keçirilib.

Tədbiri şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, elmi tədqiqat işlərinin planlarının hazırlanmasında iştirak etmək, bu planlara fundamental və perspektiv mövzuları daxil etmək, təkrar olunan mövzuları çıxarmaq, eləcə də onların maliyyələşdirilməsinin dayandırılması barədə təkliflər hazırlamaq şuranın başlıca vəzifələrindəndir. Həmçinin elmi tədqiqatların nəticələrinin təcrübədə tətbiqi barədə elmi və ali təhsil müəssisələrindən, müvafiq nazirlik və idarələrdən məlumat almaq, onların təhlili əsasında çıxarılan nəticələri elmi tədqiqat işlərində nəzərə almağı tövsiyə etmək şuranın əsas fəaliyyət istiqamətlərindəndir.

Elmi müəssisə və təşkilatların elmi şuralarında dissertasiya işlərinə ciddi nəzarət edilməsinin zəruriliyini qeyd edən alim KTRTƏŞ tərəfindən tədqiqatların keyfiyyətini yüksəltmək məqsədilə ekspertizaların aparılacağını söyləyib. N.Bayramov cari ildən etibarən problem şuralarının üzərinə qoyulan vəzifələrin daha da artdığını deyərək, elmi tədqiqat işlərinin vahid sistem altında qeydiyyata alınacağını vurğulayıb. 

N.Bayramov gələcəkdə KTRTƏŞ tərəfindən dissertasiya işlərindən başqa, kafedra və müəssisələrin mütəxəssislərinin, eləcə də magistrlərin elmi işlərinin keyfiyyətinə də nəzarət ediləcəyini bildirib. 

Daha sonra tibb elminin prioritet istiqamətləri - regenerator təbabət, genomika, molekulyar biologiya, translayasyon tibb, sübutlu təbabət, habelə informasiya kommunikasiya texnologiyalarının tibbdə tətbiqi (süni intellekt) və s. mövzularda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Tədbirdə şuranın iclasının mütəmadi keçirilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.