www.science.az
03.12.2019 16:11

Doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı işə başlayıb

Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı işə başlayıb.

Tədbiri giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq konfransın doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığının stimullaşdırılması, onların elmi potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd edib. 

Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu söyləyən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və ölkənin gələcəyində mühüm rola malik olan gənclərin yüksək bilik əldə etmələrinə dəstək verildiyini vurğulayıb.

G.Məmmədova diqqətə çatdırıb ki, təbii resursların insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti təhsil sisteminin bütün pillələrinin müasir tələblərə uyğunlaşdırılmasına və inkişafına təkan verib, yeni təfəkkürlü intellektual təbəqənin formalaşmasına əsas yaradıb.

O, rəhbərlik etdiyi ali təhsil müəssisəsində son illər ərzində müvafiq strategiyaların qarşıya qoyduğu hədəflərə çatmaq üçün görülən işlərdən də bəhs edib. Bildirib ki, universitetin nəzdində fəaliyyət göstərən 6 elmi-tədqiqat laboratoriyası gənc alimlərin tədqiqat aparmaları üçün baza rolunu oynayır.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb.

Ceyhun Bayramov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə həyata keçiriləcək tədbirlərdən danışıb.

Təhsil naziri elmi-pedaqoji kadr hazırlığı ilə bağlı bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, cari ildə “Web of Science” indeksli elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır.

Ceyhun Bayramov vurğulayıb ki, bu gün dünyada mövcud olan təbii resursların azalması, iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün ölkələr qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar.

“Yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır”, – deyən nazir qeyd edib ki, belə bir şəraitdə Azərbaycanda da elmin prioritet istiqamətlərinə yenidən baxılmalı, istiqamətlər müəyyənləşdirilərkən dünyada elmin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, elmi-innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir.

Nazir çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı platforma statusu qazanmış konfransın yeni nəsil alimlərin yetişməsinə öz mühüm töhfəsini verməkdə olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək son illərdə Təhsil Nazirliyi ilə akademiya arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Qeyd edib ki, bu kimi konfranslar ölkənin gənc alim və tədqiqatçılarının bir araya gəlməsi, fikir mübadiləsi aparması üçün əhəmiyyətli platformadır.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, 15 bölmədən ibarət olan konfransın 11 bölməsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin doktorant və gənc tədqiqatçıları çıxış edəcəklər. Onlar konfransın proqramına daxil edilən 103 məruzənin müəllifidir.  

Qeyd edək ki, 2 gün davam edəcək konfransda 500 doktorant və gənc tədqiqatçının məruzəsi dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.