Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
09.12.2019 16:31
  • A-
  • A
  • A+

Tarix İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 9-da AMEA-nın Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Qeyd edib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev bu quruculuğa hələ XX əsrin 40-cı illərində başlayıb: "O, qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinədək ucalıb. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərdən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb".

Daha sonra Tarix İnstitutunun Heydər Əliyevə həsr olunan nəşrlərinin - ikicildlik “Heydər Əliyev” fundamental araşdırması, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyi və başqa kitabların təqdimatı keçirilib. Bildirilib ki, Tarix İnstitutunda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir.

Tədbirdə çıxış edən tarixçi alimlər - Ədalət Qasımov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və digərləri qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirib. Vurğulanıb ki, dahi siyasətçinin şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla inkişaf etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.

Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: