Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.12.2019 16:46
  • A-
  • A
  • A+

Novruzla bağlı mərasim və inanclara həsr olunan seminar keçirilib

Novruzla bağlı mərasim və inanclara həsr olunan seminar keçirilib

Dekabrın 9-da AMEA-nın Folklor İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Novruz bayramında yaradılış semantikalı faktların psixoanalitik kontekstdə öyrənilməsi perspektivləri" mövzusunda elmi seminarı keçirilib.

Tədbiri müəssisənin şöbə müdiri, professor Seyfəddin Rzasoy açaraq mifik faktların psixoanalitik kontekstdə öyrənilməsi perspektivlərindən, psixoanalitik yanaşmanın folklorşünaslığa gətirdiyi yeni imkanlardan, Z.Freyd və K.Q.Yunqun nəzəri yanaşmalarının folklor faktlarının dərk olunmasında oynadığı tarixi roldan bəhs edib. Daha sonra o, Novruz bayramında yaradılış semantikalı faktların psixoanalitik kontekstdə öyrənilməsi istiqamətində aparılan tədqiqatların bayramın elmi baxımdan daha dərindən öyrənilməsinə yeni imkanlar aça biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Səfa Qarayevin məruzəsi dinlənilib. Folklorun psixoanalitik baxımdan öyrənilməsi təcrübəsinin inkişaf tarixinə qısa nəzər salan S.Qarayev bildirib ki, Novruzla bağlı mərasim və inancların öyrənilməsində bu metod müstəsna imkanlara malikdir. Onun sözlərinə görə, insan yaradıcılığının istənilən məhsulu, o cümlədən folklor faktlarının psixoanalitik metodla öyrənilməsi "yaradıcı subyekt və yaradılan artefakt" arasında səbəb-nəticə əlaqəsini daha aydın şəkildə öyrənməyə şərait yaradır.

Məruzəçi Novruz bayramında papaq atmaq, qurşaq, torba sallamaqla pay yığma adəti və "Xızırın gecələr ruzi paylaması" ilə bağlı inanclara toxunub. Folklorik faktlar əsasında Xızır və Xıdır obrazının fallik-dölləndirici semantikasına xüsusi diqqət yetirən S.Qarayev Novruzda hava qaralan zaman papaq atan uşaqların öz davranışları ilə Xızırın bayram axşamları evlərə gizlin gəlişini imitasiya etmələrini diqqətə çatdırıb.

Daha sonra məruzə folklorşünaslar tərəfindən geniş müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: