www.science.az
22.09.2014 00:00

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə əklillər qoyublar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova A.İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdığını qeyd edib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 22 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışıb, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını vurğulayıb. A.İmanquliyevanın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan G.Baxşəliyeva onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyib. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini diqqətə çatdırıb. Oktyabr ayının 10-da böyük alimin 75 illiyinin keçiriləcəyini bildirən G.Baxşəliyeva bu münasibətlə AMEA Rəyasət Heyətinin və Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi konfrans təşkil edəcəyini nəzərə çatdırıb. G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslıq elminin deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.