AMEA-nın Coğrafiya İnstitutu ilə Rusiya Dövlət Hidrometeorologiya Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
5 il müddətinə nəzərdə tutulan sənəd yüksəkixtisaslı mütəxəssislər və elmi kadrlar üçün təlim sistemlərinin fəaliyyətinin gücləndirilməsi və elmi potensialın formalaşdırılması məqsədi daşıyır.
Əməkdaşlığın əsas istiqamətləri təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin öyrənilməsi, sosial infrastruktur, əhalinin ərazi təşkilinin iqtisadi və coğrafi problemləri, informasiya sistemləri və geotexnologiya sahələrini əhatə edir.
Müqaviləyə əsasən, birgə elmi tədqiqatların aparılması, seminar, təlim və konfransların təşkili, ixtisasartırma məqsədilə qarşılıqlı kadr mübadiləsinin həyata keçirilməsi və hər iki tərəfin təcrübəsinə əsaslanan proqramların hazırlanması nəzərdə tutulur.
Sənədi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Rusiya Dövlət Hidrometeorologiya Universitetinin rektoru Valeriy Mixeev imzalayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.