Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

EİF Gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin nəticələrini açıqlamışdır
12.11.2013 00:00
  • A-
  • A
  • A+

EİF Gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin nəticələrini açıqlamışdır

Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

 

Dövlət gənclər siyasəti - yeni nəslin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

 

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir.

 

Azərbaycanın innovasiyalı inkişafa keçidinin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli reallaşdırılmasına əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində Respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum şəkildə istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir.

 

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları və digər müasir texnologiyaları dərindən mənimsəmiş yeni alimlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi də hazırda ölkədə elmin inkişafı üzrə strategiyanın qarşısında dayanan əsas vəzifələrdən biridir. Dövlət başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi - kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin elmə cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanmış, sərəncam və fərmanlar imzalanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 6.3.2 bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Elmin İnkişafı Fondu) gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil edərək keçirir. Bununla yanaşı, Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqədə (35 yaşadək) iştirakla yanaşı, Fondun digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər. Xaricdə elmi tədbirlərdə və təcrübəkeçmədə iştirakı nəzərdə tutan “Mobillik qrantı” müsabiqələrinin qalibləri sırasında gənclərin xüsusi çəkisi getdikcə artır. Gənc alim və mütəxəssislərin Fondun qrantları vasitəsilə dəstəklənməsi Respublikada kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər.

 

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi 2011-ci il 10 noyabr tarixində elan edilmiş, nəticələr isə 2012-ci il 20 mart tarixində açıqlanmışdır. Bu müsabiqә çәrçivәsində ümumi maliyyələşdirilmə həcmi 496000 manat olmaqla 25 layihə qalib gəlmişdir. Bu layihələr üzrə ən müxtəlif qurumlardan olan 72 gənc alim və mütəxəssislər müvəqqəti yaradıcı kollektivlər şəklində elmi-tədqiqatlarla məşğul olmuş və bir sıra elmi proqramları reallaşdırmışlar. 35 yaşadәk olan layihә rәhbәr vә icraçıları arasında gender bәrabәrliyi müşahidә edilmişdir. Qalib layihələrin rəhbər və icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının 37 institutundan 16-sının, 1 nazirliyin, 2 qeyri-hökumət təşkilatının, 2 özəl müəssisənin əməkdaşları, 6 ali təhsil müəssisəsinin tələbələri və əməkdaşlarıdırlar. 1 layihə Naxçıvan, 1 layihə isə Gəncə şəhərində icra olunmuşdur. Hal-hazırda 20 layihə başa çatmış, 5 layihə üzrə işlər isə davam etdirilir.

 

Gәnc alim vә mütәxәssislәrin 1-ci qrant müsabiqәsinin uğurları nәzәrә alınmaqla növbəti 2-ci müsabiqə 2013-cü il 2 fevral tarixində - Gənclər Günündə - elan edilmişdir. Qrant layihələrinin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

 

Müsabiqəyə daxil olmuş 50 layihənin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmişdir. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər də cəlb olunmuşlar.

 

Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilmiş, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri, mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilmişdir. Layihələr Fondun Himayədarlar Şurasında da müzakirə olunmuşdur.

 

2013-cü ildə elan olunaraq keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi çərçivəsində 25 qalib layihə müəyyənləşdirilmiş, bu layihələrin yerinə yetirilməsi üçün 500 min manat məbləğində vəsait ayrılması qərara alınmışdır.

 

Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kibernetika, Geologiya, Kimya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Botanika, Mikrobiologiya, Ədəbiyyat İnstitutlarında, AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Milli Aviasiya Akademiyasında, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Dövlət Universitetində, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyində yerinə yetiriləcəkdir. İcraçılar sırasında adıçəkilən qurumlarla yanaşı, Naxçıvan Dövlət Universiteti və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun alim və mütəxəssisləri də vardır.

 

Qalib layihələrdən 20-si fundamental-tədbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqlarla təminatı nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunaraq keçiriləcəkdir. “Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda Gənc alim və tələbələrin 5-ci beynəlxalq konfransı 14-15 noyabr tarixlərində Bakı şəhərində keçiriləcəkdir.

 

Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Yer haqqında elmlər üzrə 4 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 7 layihə, Humanitar və ictimai elmlər üzrə 3 layihə qalib olmuşdur.

 

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 

2013-cü il 8 noyabr tarixində müsabiqənin nəticələri açıqlanmışdır. Bu münasibətlə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən tədbirdə Yaponiyanın tanınmış şirkəti olan Tokyo Boeki Technology Ltd-nin prezidenti Kazuei Uçidanın rəhbərliyi altında nümayəndə heyəti də iştirak etmişdir. Tərəflər arasında imzalanmış Əməkdaşlıq haqqında Memoranduma əsasən bu şirkət Elmin İnkişafı Fondunun qrant layihələri üzrə ən müasir elektron mikroskopların və digər avadanlıqların alınaraq AMEA Fizika və Geologiya İnstitutlarında, həmçinin Azərbaycan Tibb Universitetində quraşdırılmasında bilavasitə iştirak etmişdir.

 

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.

 

Qarşıdan gələn günlərdə qalib layihə rəhbəri və icraçıları ilə Elmin İnkişafı Fondunun təqdimat xarakterli ənənəvi görüşü keçiriləcəkdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: