Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

25.12.2019 16:40
  • A-
  • A
  • A+

“Qədim şəhərin müasir çaları ol!” müsabiqəsinə yekun vurulub

“Qədim şəhərin müasir çaları ol!” müsabiqəsinə yekun vurulub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə keçirilən “Qədim şəhərin müasir çaları ol!” təsviri və tətbiqi incəsənət müsabiqəsinə yekun vurulub.

Müsabiqə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, Memarlıq və İncəsənət İnstitutu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin tərəfdaşlığı və dəstəyi ilə baş tutub.

Tədbiri muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova açaraq müsabiqənin təqdimatının bu ilin fevral ayında baş tutduğunu xatırladıb, göstərdiyi dəstəyə görə MATM-in direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova müsabiqənin əhəmiyyətindən danışıb.

Mərasimdə, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və digərləri çıxış edərək layihənin gənclərin inkişafındakı rolundan və həyata keçirilən praktiki təlimlərdən bəhs ediblər.

Daha sonra səsvermənin nəticəsinə əsasən müsabiqədə qalib gələn 10 iştirakçının adı açıqlanıb və ilk üç yerin sahibi akademik Nərgiz Axundova tərəfindən təltif olunub.

Qeyd edək ki, tədbir çərçivəsində müsabiqə iştirakçılarının rəsm əsərləri də sərgilənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: