Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun 60 yaşı tamam olur
27.12.2019 11:07
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun 60 yaşı tamam olur

Bu gün tanınmış geoloq alim, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun 60 yaşı tamam olur.

Dadaş Hüseynov 27 dekabr 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) "Geolog-mühəndis" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Alim AMEA-nın Geologiya və Geofizika İnstitutunda mühəndis (1984-1986), böyük mühəndis (1986-1991), elmi işçi (1991-1993), böyük elmi işçi (1993-1996), aparıcı elmi işçi (1996-2002) vəzifələrində çalışıb, 2002-ci ildən isə təşkilində iştirak etdiyi Coğrafi İnformasiya Sistemləri (CİS) sektorunun rəhbəri kimi fəaliyyət göstərib. 2003-2010-cu illərdə Geoloji-geofiziki məlumatların CİS analizi şöbəsinin rəhbəri işləyib. O, 2010-cu ildən institutun Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinə rəhbərlik edir. Həmçinin 2013-cu ildən indiyə kimi institutun elmi işlər üzrə direktor müavinidir.

D.Hüseynov "Filiz və qeyri filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" mövzusunda namizədlik, "Cənubi-Xəzər hövzəsinin karbohidrogen sistemləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2017-ci ildə "Neft-qaz geologiyası" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Karbohidrogen sistemləri, fluidodinamika, neft-qaz əmələgəlmə problemləri, Orta və Cənubi Xəzər hövzəsində neft-qaz toplantılarının proqnozu və axtarışı sahələri üzrə tanınmış mütəxəssis olan D.Hüseynov tərəfindən bir sıra yeni elmi istiqamətlər işlənilib hazırlanıb. Alim Geologiya və Geofizika İnstitutunda geoloji və kosmik məlumatların rəqəmsal emalı və üçölçülü hövzə modelləşdirilməsi üçün müasir texnologiyaları ilk dəfə tətbiq edənlərdən olub. O, "BP", "Shell", "Exxon-Mobil", "Conoco-Phillips", "Lukoil", "OMV", "Rosneft", "Chevron" kimi iri transmilli neft şirkətləri tərəfindən maliyyələşdirilən layihələrə rəhbərlik edib.

D.Hüseynov 140-dan artıq elmi məqalənin, həmçinin 5 kitabın həmmüəllifidir. Alim, o cümlədən elmi-pedaqoji və gənc kadrların yetişdirilməsi sahəsində uğurla fəaliyyət göstərir. O, 2013-cü ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və Geofizika institutunun nəzdindəki Neftin və qazın geologiyası baza kafedrasına rəhbərlik edir. 

Geoloq alim Beynəlxalq Sedimentoloqlar Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Assosiasiyasının və Avropa Geoalimlər və Mühəndislər Assosiasiyasının üzvüdür. 2017-ci ildə ölkə başçısı tərəfindən neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

AMEA-nın müxbir üzvü Dadaş Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: