Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Cavad Abdinovun 80 yaşı tamam olur
04.01.2020 13:09
  • A-
  • A
  • A+

Akademik Cavad Abdinovun 80 yaşı tamam olur

Yanvarın 5-də görkəmli fizik, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun 80 yaşı tamam olur.

Cavad Abdinov 5 yanvar 1940-cı ildə Ordubad rayonunun Behrud kəndində anadan olub. O, 1956-cı ildə orta məktəbi, 1961-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. Alim 1961-1964-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda aspirant, 1964-1973-cü illərdə böyük elmi işçi, 1973-2002-ci illərdə Elmi Tədqiqat Fotoelektronika İnstitutunda şöbə müdiri, 1993-1998-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini, 1998-2002-ci illərdə isə Fotoelektronika İnstitutunun direktoru vəzifələrində çalışıb. C.Abdinov 2002-ci ildən Fizika İnstitutunda laboratoriya rəhbəri, 2009-cu ildən elmi işlər üzrə direktor müavini işləyir.

Tanınmış fizik 1966-cı ildə “Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik, 1976-cı ildə “Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alimin əsas elmi fəaliyyət istiqamətlərini elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevricilər üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqlarının və mexanizmlərinin müəyyənləşdirilməsi, istehsalata yararlı yüksək effektivli materialların və onların tətbiqi ilə termoelektrik və fotoelektrik çevricilərinin hazırlanması təşkil edir. O, respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini (yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infraqırmızı oblastında həssas çevricilər) yaradıb. Onun selenin tədqiqi sahəsində aldığı nəticələr bu yarımkeçiricidə baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizmini, onda müşahidə olunan "anormal" xassələrin səbəbini, fiziki xassələrdə aşqarların və selenin polimer quruluşunun rolunu və s. izah etməyə imkan verib, selen əsasında çevricilərin əsas parametrlərinin yaxşılaşdırılmasına gətirib çıxarıb.

C.Abdinov 2 monoqrafiya, 300-dən artıq məqalə və 30 ixtiranın müəllifidir. Onun elmi rəhbərliyi altında 4 elmlər, 24 fəlsəfə doktoru yetişdirilib.

Alim 1971-ci ildə selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Lenin Komsomolu mükafatına, 1982-ci ildə isə geniş tətbiq olunan elektron cihazların istehsal texnologiyasının və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanmasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb. Bundan əlavə, o, 2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Akademik Cavad Abdinovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: