www.science.az
14.01.2020 17:21

Akademik Abdulla Qarayevin anadan olmasından 110 il ötür

Bu gün Azərbaycanda fiziologiya elminin inkişafında böyük xidmətləri olan, görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Əməkdar həkim, akademik Abdulla Qarayevin anadan olmasından 110 il ötür.

Akademik A.Qarayevin elmi fəaliyyəti əsasən əzələ və sinir toxuması potensiallarının maddələr, sulu karbonlar mübadiləsinin vəziyyətindən asılılığı, özünütənzim mexanizmində iştirakının fiziologiyası və neyrokimyasının, Azərbaycan ərazisində təbii balneoloji mənbələrin tibbdə istifadəsi probleminin araşdırılmasına həsr olunmuşdur. Respublikada eksperimental fiziologiya istiqamətinin əsasını qoyan alim həm də bu sahədə elmi məktəbin yaradıcısı idi.

O, 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, 1952-1956-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi, 1953-1968-ci illərdə Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. Eyni zamanda, Ümumittifaq Fizioloqlar Cəmiyyətinin Azərbaycan bölməsinin, Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, Beynəlxalq Beyin Tədqiqatları Təşkilatının üzvü, Azərbaycan Respublikası Bilik Cəmiyyətinin sədr müavini idi.

1968-ci ildə alimin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu hazırda Abdulla Qarayevin adını daşıyır.

Akademik 300-dən çox elmi əsərin və 7 monoqrafiyanın müəllifi idi. Alimin rəhbərliyi altında 20-dən artıq elmlər doktoru və namizədi hazırlanmışdır.

Abdulla Qarayev görkəmli alim, pedaqoq, elm təşkilatçısı olmaqla yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak etmiş, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Görkəmli alimin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, o, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuş, bir sıra fəxri adlara layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.