Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli alim və ictimai xadim
15.01.2020 09:15
  • A-
  • A
  • A+

Görkəmli alim və ictimai xadim

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuş, 1966-cı ildə orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir. 

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Üzvi kimya” ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə orada "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, 1993-cü ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışmışdır. Abel Məhərrəmov 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona üzvi kimya ixtisası üzrə professor adı verilmişdir. A.Məhərrəmov 1995-1996-cı illərdə ABŞ-da uzunmüddətli proqram və layihələr çərçivəsində elmi ezamiyyətdə olmuşdur. Tanınmış alim 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Akademik Abel Məhərrəmov üzvi kimya və neft kimyası sahələrində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir. Onun rəhbərliyi ilə BDU-da zərif üzvi sintez və nanoaraşdırmalar laboratoriyaları, Rentgen Quruluş Analiz (RQA), Kütlə, NMR, İQ spektrometriya metodlarını özündə birləşdirən müasir Fiziki-Kimyəvi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun təşəbbüsü ilə yeni bir istiqamət - qeyri-kovalent əlaqələr hesabına zərif-üzvi sintezdə mürəkkəb quruluşlu birləşmələrin sintezi və monokristalların formalaşmasında bu əlaqələrin rolunu araşdıran elmi qrup yaradılmışdır.

Akademik Abel Məhərrəmovun indiyədək 24 monoqrafiya, 54 dərslik və dərs vəsaiti, 55 ixtirası dərc edilmişdir. Onun yarıdan çoxu aparıcı xarici elmi jurnallarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Röyter agentliyinin siyahısına daxil olan jurnallarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadların sayı 1330, "H” indeksi üzrə göstəricisi 20-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (fəlsəfə doktoru) və 20-dən çox elmlər doktoru) dissertasiya işlərini uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmov kimyanın müxtəlif sahələri üzrə tədqiqat işləri aparmış və aşağıdakı istiqamətlər üzrə Azərbaycanda elmi məktəblər yaratmışdır: "Dopinq effekti” kimi tanınan yeni sintez metodu, kovalent rabitələrin aktivləşməsində qeyri kovalent əlaqələrin rolu, koordinasion və metalüzvi birləşmələrin sintezi və dizaynında halogen-halogen qeyri-kovalent əlaqələrin rolu, katalizdə qeyri-kovalent və koordinasion qarşılıqlı əlaqələrin yaratdığı sinergetik effektlər, yeni üzvi və polimer nanokompozitlərin sintezi və tətbiqi.

Elmi uğurlarına görə adı 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin "XX əsrin 2000 görkəmli alimi” kataloquna daxil edilmiş, ötən yüzilliyin ən görkəmli alimlərindən biri sayılmışdır. Yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan Ulu Öndər Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir və 2018-ci ilə qədər bu vəzifəyə məsuliyyətlə yanaşan Abel müəllim universitetin nüfuzunu dünya səviyyəsinə çatdırmaq üçün mühüm işlər görmüşdür. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə "Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Rektorluq etdiyi illərdə Abel Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda dünya miqyasında universitetin mövqeləri möhkəmlənmiş, elmi-pedaqoji kadrların beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

Abel Məhərrəmovun xarakterində miqyaslı iş görmək istəyi həmişə olmuşdur. O, adamlarla, əhatəsi ilə hər mövzuda məsləhətləşməyi çox sevir. Quruculuq işlərində, təhsil islahatlarında hər şeyi universitet ağsaqqalları ilə məsləhətləşərək edirdi. Ona görə də Abel Məhərrəmov Bakı Dövlət Universiteti kimi çox böyük bir müəssisənin idarəçiliyində ciddi rəhbərlik bacarıqları olan bir dövlət adamı kimi tanındı.

2005-ci və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2 dəfə deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan akademik Abel Məhərrəmov müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində fəal iştirak etmişdir.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və AMEA-nın Kimya elmləri bölməsinin büro üzvü seçilmiş, Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə "Qızıl buta” mükafatına layiq görülmüş, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü təyin olunmuşdur. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilmişdir. 2019-cu ildə BDU-nun 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə "2-ci dərəcəli Əmək ordeni” ilə mükafatlandırılmışdır.

Akademik Abel Məhərrəmov 2004-cü ildə Rumıniyanın Komandor dərəcəli ali "Qızıl ulduz” ordeni, 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin "Şərəf və Vicdan” Avropa ordeni, Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş yubiley diplomu, Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə "Avrasiyanın fəxri” medalı və müvafiq diplomu, Avrasiya Universitetlər Assosiasiyasının fəxri fərmanı ilə təltif edilmişdir. Akademik A.Məhərrəmov 2012-ci ildə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən "Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na, 2013-cü ildə Avropa Elmi-Sənaye Palatasının "Qızıl medal”ı və diplomuna layiq görülmüşdür. O, Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir. 2009-cu ildən Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin, 2010-cu ildən Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvüdür.

2015-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru akademik V.A.Sadovniçinin rəhbərlik etdiyi Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti olan akademik Abel Məhərrəmov 2016-cı ildə "Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. 2017-ci ildə "Türk dövlətlərinin elmi əməkdaşlığındakı inkişafında səmərəli xidmətlərinə görə” Ümumdünya Türk Xalqları Assambleyasının "Qızıl medal”ı və "Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” beynəlxalq "Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.

Bununla bərabər, akademik Abel Məhərrəmov Latviya Elmlər Akademiyasının nəzdində Beynəlxalq Elmi Şuranın üzvü, Gürcüstanın Kimya Cəmiyyətinin fəxri üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının fəxri həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Çin, Albaniya və Qazaxıstanın bir sıra universitetlərinin fəxri doktorudur. Eyni zamanda, Avropa və Asiyanın bir çox qabaqcıl universitetlərinin, o cümlədən dünyanın ilk 100 universiteti sırasına daxil olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professorudur. 2016-cı ildə akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasında keçirilmiş seçkilərdə iştirak etmiş və bu nüfuzlu akademiyanın xarici üzvü seçilmişdir.

Abel Məhərrəmovun mövqeyi, dövlətçilik mövqeyi böyük öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik mövqeyidir. Abel Məhərrəmov Azərbaycanın xilası baxımından ən düzgün mövqeyi - Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik xəttini seçmişdi. 1993-cü ilin əvvəllərindən taleyini Yeni Azərbaycan Partiyası ilə bağlayaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, insanlar arasında geniş maarifləndirmə, təbliğat işi aparmışdır. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş Abel Məhərrəmov Ümummilli Liderin kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfələrini vermişdir. Ona görə də ictimaiyyət arasında "əsl Heydər Əliyevçi” kimi tanınmışdır. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Abel Məhərrəmov bu gün də Heydər Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu siyasətinə sanballı töhfələr verir.

Akademik Abel Məhərrəmov elmi və ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına bundan sonra da öz layiqli töhfəsini vermək niyyətində olduğunu nümayiş etdirməkdədir. Bütün yazılanları ümumiləşdirərək qeyd etmək olar ki, akademik Abel Məhərrəmov ömrünün 70 ilini çox şərəflə, ləyaqətlə, əsl Azərbaycan ziyalısı, vətənpərvər bir şəxsiyyət kimi yaşamışdır. Onu bu yubiley münasibətilə təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

Dilqəm TAĞIYEV, AMEA-nın vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 15 yanvar 2020-ci il

  • Paylaş: