www.science.az
24.09.2014 00:00

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti Bilik Fondunda olub

Sentyabrın 23-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbərliyi ilə görüşüb. Fondun icraçı direktoru Oqtay Səmədov gənc tədqiqatçılara rəhbərlik etdiyi qurumun yaranma tarixi, fondun həyata keçirdiyi layihələr və perspektivdə görüləcək işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd müasir informasiya cəmiyyətinin və elmə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq elmi-texniki, sosial-iqtisadi, humanitar və s. istiqamətlərdə biliklərin inkişaf etdirilməsi, “azərbaycançılıq” məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, eləcə də ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır. O.Səmədov AMEA-nın gənc alimləri ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını, yaxın zamanlarda birgə fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulayıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Rəhbərlik etdiyi Şuranın bu günlərdə təsdiqlənən “Fəaliyyət planı”ndakı məsələlərdən danışan F.Salmanov gənclərin elmi-tədqiqat təşəbbüslərinin genişləndirilməsində ölkənin mövcud fondlarının üzərinə düşən vəzifələrdən danışıb: “Akademiyanın gənc alim və mütəxəssisləri elmin inkişafına töhfə verən fondlarla əməkdaşlıq etməklə onların yaratdığı imkanlardan istifadə edir. Yeni təsis olunmuş “Bilik Fondu” əslində gənclər üçün əlavə bir stimuldur”. F.Salmanov regionlarda elmin təbliği, orta və ali məktəblərdə şagird, tələbə, magistrlərlə keçirilən maarifləndirmə seminarları və s. tədbirlərdə AMEA-nın gənc alimlərinin potensialından səmərəli istifadə olunmasını da təklif edib.

Görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıbov və başqaları çıxış edərək öz təkliflərini səsləndiriblər.

Qeyd olunan aktual məsələlərlə əlaqədar geniş fikir mübadilsəi aparılaraq qərara alınıb ki, AMEA-nın gənc alim və mütəxəssisləri üçün Bilik Fondunun növbəti tanıtım təqdimatı təşkil olunmalı və birgə əməkdaşlıq əlaqələrinə yenidən baxılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.