Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Karbohidrogenlərin axtarışı və proqnozlarına dair yeni üsullar yaratmaq istiqamətində tədqiqatlar aparılır
26.09.2014 00:00
  • A-
  • A
  • A+

Karbohidrogenlərin axtarışı və proqnozlarına dair yeni üsullar yaratmaq istiqamətində tədqiqatlar aparılır

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Cənubi Xəzər çökəkliyində karbohidrogen baxımından perspektiv strukturların axtarışı və proqnozlarına dair daha etibarlı üsullar yaratmaq istiqamətində tədqiqatlar aparır. Bu məqsədlə mütəxəssislər yeni elmi əsaslar üzərində neyron şəbəkələr vasitəsi ilə petrofiziki-geoloji informasiyaları tədqiq edir, birölçülü və ikiölçülü seysmogeoloji modellərin yaradılması, həmçinin interaktiv kompüter paket proqram kompleksinin hazırlanmasını həyata keçirirlər.

Ukrayna Elmi-Texnoloji Mərkəzinin (UETM) və AMEA-nın maliyə dəstəyi ilə həyata keçirilən 2 illik layihənin rəhbəri GGİ-nin Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyevdir. Tədqiqatlar ABŞ-ın Missuri Universitetinin Geologiya elmləri şöbəsinin professoru Erik Sandvol və Xorvatiyanın Zaqreb Universitetinin Geologiya və neft mühəndisliyi kafedrasının professoru Valik Yosipanın iştirakı ilə aparılır.

Layihə çərçivəsində AMEA alimləri Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) “Geoinformatika: Nəzəri və tətbiqi aspektlər” mövzusunda keçirdiyi XII beynəlxalq konfransda və Avropa Geologiya Elmləri İnttifaqının Avstriyanın Vyana şəhərində keçirilmiş Baş Assambleyasında çıxış ediblər. H.Quliyev konfrans müddətində Çexiya Respublikasının Elmlər Akademiyasının Süxur Strukturu və Mexanikası İnstitutunun seysmologiya departamentinin rəhbəri, professor Pavel Kalenda, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun professoru Vladimr Şuster və Yer Fizikası İnstitutunun professoru Ninel Pavlenkova, həmçinin Buxarest Universitetinin akademiki Nikolaye Anastasiyu, Norveç Krallığının Geofizika İnstitutunun professoru Karsten Storetvedt, Hindistanın Kerala Universitetinin professoru Biju Lonqinos və başqa tanınmış alimlərlə də görüşüb. Geologiyanın və geofizikanın müxtəlif problemləri, yeni nəticələrin tədris prosesində istifadəsi məsələləri və birgə tədqiqatların aparılması imkanları müzakirə edilib. Bu istiqamətlərdə konkret təkliflər hazırlayaraq həyata keçirmək barədə razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: