www.science.az
03.02.2020 13:09

AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüş keçirilib.

Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq, son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də perspektivdə görüləcək işlər barədə ətraflı məlumat verib. AMEA rəhbəri dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində Akademiya alimlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqların yüksək işgüzarlıqla yerinə yetiriləcəyinə inamını bildirib.

Sonra AMEA Rəyasət Heyətinin, eləcə də elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov çıxış edərək təklif və mülahizələrini səsləndiriblər.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, AMEA alimlərinin ölkənin sosial-iqtisadi inkişafında rolundan danışıb, taleyüklü məsələlərdə ölkə alimlərinin yaxından iştirakının vacibliyini diqqətə çatdırıb. Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən səsləndirilən təklif və mülahizələrə münasibətlərini bildiriblər.

Dövlət rəsmiləri Akademiyanın 29 dekabr 2019-cu ildə keçirilən Ümumi yığıncağında qəbul edilmiş AMEA-nın 2020-2025-ci illər üzrə İnkişaf proqramının bu qurumun həyatında əhəmiyyətli dönüş yaradacağına, eləcə də ölkə elminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin üzvləri adından dövlət rəsmilərinə minnətdarlığını bildirib, rəhbərlik etdiyi elm ocağının müxtəlif dövlət qurumları ilə əlaqələrinin genişləndirilməsinin son dərəcə vacib olduğunu qeyd edib. O, bütün sahələrdə, xüsusilə ölkənin sosial-iqtisadi inkişafında AMEA alimlərinin səmərəli elmi-tədqiqat işlərinin tətbiqinin əhəmiyyətli olduğunu deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.