Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlərin məruzələri İsveçrədə keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb
18.02.2020 14:56
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məruzələri İsveçrədə keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb

İsveçrədə Bern Universiteti və Avrasiya Araşdırmaları Cəmiyyəti tərəfindən “Mədəniyyətlərin təması: Mərkəzi Asiya ticarət, mədəniyyət və bilik mübadiləsinin mərkəzində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə ölkəmizi AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev və həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.

Alimlərimiz konfrans çərçivəsində Azərbaycan tarixinə həsr olunmuş sessiyada məruzələrlə çıxış ediblər. Akademik Şahin Mustafayev orta əsrlərdə Azərbaycanın şimal-şərqində Xəzər ticarət yolunun fəaliyyəti və bu marşrut üzərində mövcud olan tarixi abidələrin vəziyyəti, Fərda Əsədov isə erkən orta əsrlərdə Azərbaycanın şimal bölgələrində xəzərlərin mövcudluğunu sübut edən arxeoloji faktların təhlilinə həsr olunan məruzələrini təqdim ediblər.

Azərbaycanlı alimlərin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şahin Mustafayev və Fərda Əsədov Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun eyni günlərdə Berndə keçirilən akademik şurasının toplantısına da qatılıblar. İnstitutun akademik şura toplantısında növbəti ildə bu qurumun fəaliyyət planı müzakirə olunub və 2020-2021-ci illərdə həyata keçiriləcək elmi layihələr təsdiqlənib.

Elmi tədbirdə İsveçrə, Fransa, İngiltərə, İtaliya, Almaniya, ABŞ, Rusiya, İsrail, Pakistan, Azərbaycan və Orta Asiya ölkələrindən 40-a yaxın tarixçi və arxeoloq iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: