Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2020 14:04
  • A-
  • A
  • A+

AMEA-da 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə dair seminar-məşğələ keçirilib

AMEA-da 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə dair seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan seminar-məşğələ keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Mülkü Müdafiə idarəsinin rəisi İlqar Səfərov, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri iştirak ediblər.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq əlamətdar günün tarixi və məqsədi haqqında danışıb. Qeyd edib ki, 1931-ci ilin mayında tibb xidmət generalı, fransalı Corc Sent-Pol Parisdə “Cenevrə Regionu Assosisasiyası” adlı təşkilat yaradıb və sonralar həmin qurum Ümumdünya Mülki Müdafiə Təşkilatına (ÜMMT) çevrilib.

Mülki Müdafiə Gününün 1 mart 1972-ci ildən mütəmadi qeyd edildiyini deyən E.Quliyev fövqəladə hallardan mühafizə sahəsində insanların maarifləndirilməsinin ÜMMT-nin başlıca vəzifələrindən olduğunu söyləyib. Şöbə rəisi hazırda təşkilata 100-ə yaxın ölkənin üzv olduğunu, Azərbaycanın isə 1993-cü ildən ÜMMT-nin üzvü kimi keçirilən bütün toplantılarda aktiv iştirak etdiyini vurğulayıb. 

O, 2020-ci ildə Beynəlxalq Mülki Müdafiə Gününə dair tədbirlərin “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” şüarı altında keçiriləcəyini deyib, əlamətdar günün AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə qeyd edilməsi barədə qərargah rəislərinə müvafiq tapşırıqlar verib.

Sonra çıxış edən Yasamal rayon Mülkü Müdafiə idarəsinin rəisi İlqar Səfərov fövqəladə hadisələr zamanı, o cümlədən yanğın təhlükəsizliyi, ilkin tibbi yardım və digər hallarda akademiya əməkdaşlarının davranış qaydaları barədə biliklərinin artırılması məqsədilə məşğələlərin təşkilini yüksək qiymətləndirib.

Daha sonra AMEA-nın elmi müəssisə və təşkilatlarında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı keçiriləcək tədbirlərə dair MM qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: