Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan və Ukrayna alimləri Qafqaz regionunun geoloji quruluşunun öyrənilməsinə dair birgə tədqiqatlar aparır
28.02.2020 11:48
  • A-
  • A
  • A+

Azərbaycan və Ukrayna alimləri Qafqaz regionunun geoloji quruluşunun öyrənilməsinə dair birgə tədqiqatlar aparır

Məlum olduğu kimi, 2019-cu ilin sonunda AMEA-nın Neft və Qaz İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Geologiya Elmləri İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb.

Sənəddə “Qafqaz regionunun çöküntü hövzələrinin neftqazlılığı ilə əlaqədar geoloji quruluşun öyrənilməsi” mövzusu üzrə iki qurum arasında birgə tədqiqatların aparılması nəzərdə tutulub.

Bu mövzu üzrə 2020-2022-ci illər ərzində prioritet istiqamət kimi Ön Qafqaz və Zaqafqaziyanın mikrofauna və mikroflorasının müxtəlif qrupları üzrə çöküntü təbəqələrinin nisbi yaşının müəyyənləşdirilməsi ilə kaynozoy çöküntülərinin stratiqrafiya, paleontologiya və paleogeoqrafik vəziyyəti araşdırılacaq.

Müqavilə çərçivəsində Azərbaycanın maykop seriyasının yataqlarının öyrənilməsi üzrə birgə tədqiqat işlərində iştirak üçün 10-29 fevral 2020-ci il tarixlərində Ukrayna MEA-nın Geologiya Elmləri İnstitutunun Müasir dəniz sedimentogenezi bölməsinin böyük elmi işçisi, geologiya üzrə fəlsəfə doktoru Anna-Xristian Kluşina AMEA-nın Neft və Qaz İnstitutunda olub.

A.Kluşina tərəfləri maraqlandıran sahələrdə Neft və Qaz İnstitutunda görülən işlərlə tanış olub, bu isə mövcud birgə sazişə əsasən konkret iş planının hazırlanmasında əksini tapıb. Tərtib edilmiş plana birgə elmi tədqiqatlarının aparılması, əldə olunan nəticələrin analizi ilə yanaşı, Azərbaycan və Ukrayna alimləri tərəfindən respublika və beynəlxalq səviyyəli jurnallarda məqalələrin nəşri, o cümlədən xarici konfranslarda təqdimatların edilməsi daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: