Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində yeni nəşrin təqdimatı keçirilib
28.02.2020 16:24
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində yeni nəşrin təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəz qızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimli açaraq Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olmuş Əməkdar elm xadimi, professor Yusif Seyidovun həyat və yaradıcılığına nəzər salıb. O, görkəmli alimin fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.  Bildirib ki, professor Y.Seyidovun elmi-nəzəri irsi ilk dəfə sistemli şəkildə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəz qızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri” seriyasından olan birinci kitabda araşdırmalara cəlb olunub.

Qeyd olunub ki, Yusif Seyidovun Azərbaycan dilçiliyinin nəzəri sahələri ilə yanaşı, yazıçı və dil problemlərinə dair tədqiqatlarının da əksini tapdığı monoqrafiya giriş, üç fəsil, nəticə və 250-yə yaxın əsəri əhatə edən ədəbiyyat siyahısından ibarətdir.

Daha sonra Hüseyn Həşimli “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil problemi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxış edərək Yusif Seyidovun dilçilik sahəsində məktəb yaratmış alimlərdən biri olduğunu söyləyiblər. Bildirilib ki, ədəbiyyatşünaslıq və dilçilik problemlərini vəhdətdə tədqiq edən alim ömrünün 60 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr edib. Onun bu sahədəki tədqiqatlarının nəticələri olaraq 200-dən çox elmi əsər, o cümlədən 30-dan çox monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərində işıq üzü görüb.

Çıxış edənlər nəşrin elmi əhəmiyyətini qeyd edib, müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: