Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunun “İlin alimi” diplomu təqdim olunub
28.02.2020 17:45
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun “İlin alimi” diplomu təqdim olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan 2019-cu ildə ədəbiyyatşünaslıq elmi sahəsindəki səmərəli fəaliyyətinə görə institutun “İlin alimi” diplomu ilə təltif olunub.

Akademik İsa Həbibbəyli Azər Turanın çoxşaxəli fəaliyyəti barədə məlumat verərək, onun Azərbaycan elmi, ədəbiyyatı və ədəbi-ictimai fikrinin inkişafında, həmçinin Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavid yaradıcılığının və cavidlər ailəsinin öyrənilməsindəki rolundan danışıb. Qeyd edib ki, A.Turan həm də Əlibəy Hüseynzadənin fəaliyyəti və xidmətlərinin araşdırılması, eləcə də baş redaktoru olduğu “Ədəbiyyat qəzeti”nin inkişafında mühüm xidmətlər göstərib.

Daha sonra Şükufə Vəliyeva, Elxan Nəcəfov və Gülnar Qənbərovaya “İlin gənc alimi”  diplomları təqdim olunub. Həmçinin institutun əməkdaşları – AMEA-nın müxbir üzvü Tehran Mustafayev və fil.ü.f.d. Lütviyyə Əsgərzadə 60, Musa Məmmədov isə 80 illik yubileyləri münasibətilə təltif ediliblər.

Tədbirdə Prezident İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr və “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Tədbirlər planı müzakirə olunaraq təsdiq olunub.

İclasda institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş nömrəsinin çapa hazırlanması, “Elmi kadrlar” Milli İnformasiya Sistemində institutun bazasının formalaşdırılması istiqamətində görülən işlər, 2019-cu il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərləri və mövzularının təsdiqi, eləcə də digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: