www.science.az
02.03.2020 13:43

Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün hazırlanmış dərsliklərin təqdimatı olub

Martın 2-də AMEA-nın Əsas binasında “Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında icra edilən “Salam, Azərbaycan!” adlı layihə çərçivəsində hazırlanmış tədris vəsaitlərinin təqdimatı keçirilib.

Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, AR Diasporla İş üzrə Dövlət Komitəsi və AR Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Suriyada şəhid olan türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Dilçilik İnstitutunun müvafiq layihəsi çərçivəsində nəşr olunan kitablar barədə məlumat verib. Bildirib ki, bu layihə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq A, B, C səviyyələri üzrə tədris vəsaitləri dəsti hazırlamağı nəzərdə tutub. Hazırda A və B səviyyələri üzrə təqdim edilən bu vəsaitlər dəsti Azərbaycan dilini rus və ingilis dilləri bazasında öyrənmək istəyən əcnəbilər üçün nəzərdə tutulub.

Akademik İ.Həbibbəyli ölkə rəhbərinin Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində imzaladığı fərman və sərəncamları xatırladıb, təqdim olunan tədris vəsaitlərinin həmin mühüm sənədlərin icrasına əsasən nəşr olunduğunu söyləyib. O, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dilimizin saflığının qorunması istiqamətində müəyyən addımların atıldığını, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində ana dilimizə maraq göstərən şəxslər üçün kursların, məşğələlərin təşkil edildiyini söyləyib.

AMEA-nın da bu prosesə qoşulduğunu deyən İ.Həbibbəyli təqdimatı keçirilən A1, A2, B1, B2 səviyyəli dərs vəsaitlərinin ölkəmizdə təhsil alan əcnəbi vətəndaşlar, xarici investorlar, azərbaycanşünaslıqla məşğul olmaq istəyənlər, eləcə də Azərbaycanı tanımaqda maraqlı olan şəxslər üçün faydalı olacağını bildirib.

Əsərlərin professor Mayıl Əsgərovun rəhbərliyi altında hazırlandığını diqqətə çatdıran AMEA-nın birinci vitse-prezidenti qeyd edib ki, müəllif qrupu tərəfindən Azərbaycan dilçilik elmində ilk dəfə dilin psixoanalizi aparılıb. O, nəşrlərin psixolinqvistika cəhətdən araşdırılmasının önəminə toxunaraq, dövlət başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışı zamanı ana dilimizin saflığının qorunmasına dair səsləndirdiyi təkliflər üzərində alimlərimizin səylə çalışdıqlarını vurğulayıb.

Natiq nəşr olunan əsərlərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinə və diaspora təşkilatlarına göndərilməsinin, həmçinin elektron məkanda yayılmasının zəruriliyini bildirib.

Daha sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin və digərləri çıxış edərək ölkəmizin multikultural dəyərlərindən danışıb, nəşrlərin Azərbaycan dilini öyrənmək istəyən əcnəbi vətəndaşlar üçün dəyərli mənbə olduğunu söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.