www.science.az
13.10.2014 00:00

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları İtaliyaya səfər edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndə heyəti İtaliyaya səfər edib. Oktyabrın 9-da Avropa Birliyinin təşkilatçılığı ilə Florensiya şəhərində “HORİZON 2020” proqramı üzrə layihələrin təqdimatı keçirilib. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm platforma hesab edilən və iki gün davam edən tədbirdə ölkəmizi AMEA Rəyasət HeyətininBeynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayevvə institutun böyük elmi işçisi Elxan Səbziyev təmsil edib.

Avropanın 40-a yaxın ölkəsinin 500-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbirin beynəlxalq əlaqələr bölməsində təmsil olunan B.Seyidov bir sıra görüşlər keçirib. İspaniyanın Andalusiya vilayətinin Elm və İnnovasiya Agentliyinin sektor müdiri Ceym Duran, Ukraynanın Avropa İnnovasiya Agentliyinin prezidenti İvan Kulçitskiy, Moldova Elmlər Akademiyasının İnformasiya və kommunikasiya texnologiyaları üzrə milli əlaqələndiricisi Elena Zamsa, Belçikanın Avropa Birliyi proqramları üzrə milli əlaqələndiricisi Daniela Fazenda və İtaliyanın Mədəni İrs Mərkəzinin direktoru Andrea de Pol Saibanti ilə keçirilən görüşlərdə AMEA haqqında ətraflı məlumat verilib. Həmçinin, ölkəmizin elmi potensialı, eləcə də akademiyanın elmi müəssisələrinin çoxsahəli fəaliyyət imkanları tərəfdaş ölkələrinin təmsilçilərinin diqqətinə çatdırılıb.

Görüşlər zamanı istər Avropa Birliyinin ən böyük elmi-innovativ proqramı olan “HORİZON 2020” çərçivəsində, istərsə də elmin müxtəlif istiqamətləri üzrə AMEA ilə əməkdaşlığın imkanları müzakirə edilib, elmi əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.