Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
13.03.2020 12:32
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində dövlət başçısının “Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı, eləcə də AMEA Rəyasət Heyətində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən müşavirəyə dair məlumat yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Augusto Massari, İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşləri, həmçinin AMEA Rəyasət Heyətinin iclası, akademiyada Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması barədə materiallar əks olunub.

Bundan başqa, oxucular “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər heyətinin müşavirəsi, Azərbaycan-Türkmənistan arasında elmi əməkdaşlıq barədə imzalanmış sənədlər,  AMEA-nın Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu arasında imzalanmış çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişi haqqında məlumatlarla tanış ola bilərlər.

AMEA Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir, Dilçilik İnstitutu tərəfindən əcnəbilər üçün hazırlanmış dərslik, Azərbaycanda həyat keyfiyyətinin qiymətləndirilməsinə dair aparılan araşdırmalar, “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: beynəlxalq reallıqlar və yeni çağırışlar” adlı konfrans, “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının ilk iclası və digər materiallar qəzetin növbəti səhifələrində yer alıb.

Bundan əlavə, “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda gənc alimlərin II beynəlxalq elmi konfransı, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə Belarus Elmlər Akademiyasının Gənc Alimlər Şurası arasında imzalanmış elmi-texniki əməkdaşlıq müqaviləsi, akademik Qərib Məmmədovun torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin tərtibinə dair Kənd Təsərrüfatı Nazirliyində təqdimatı, Üzeyir Hacıbəylinin və Əbdürrəhim bəy Haqverdiyevin yubileylərinin UNESCO-nun yubiley proqramları siyahısına salınması barədə məlumatlar qəzetdə təqdim olunur.

Nəşrdə Kənd Təsərrüfatı naziri İnam Kərimovun Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsinə baxış keçirməsi, Lənkəran Regional Elmi Mərkəzində elmi nəticələrin iqtisadiyyata inteqrasiyası istiqamətində görülən işlər, Naxçıvan Bölməsində həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi, Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların müşahidəsi və tədqiqatı, Şəki Regional Elmi Mərkəzində hazırlanmış prioritet tədqiqat proqramı, fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlərin elmi təhlili, “Azofos-K” gübrəsinin əkinlərdə tətbiqi imkanlarının müzakirəsi və digər materiallar da əks olunub.

Mətbu orqanda, həmçinin “Sənətşünaslıq üzrə ilk elmlər doktoru dərəcəsi almış musiqişünas”, “Davamlı inkişafın fəlsəfi problemləri”, “Ölkəmizdə Elm günü” sərlövhəli məqalələr, Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Bəkirovla müsahibə dərc edilib.

20 səhifəlik qəzetdə rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: