Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Adam Mitskyeviç və Azərbaycan” adlı monoqrafiya işıq üzü görüb
31.03.2020 13:38
  • A-
  • A
  • A+

“Adam Mitskyeviç və Azərbaycan” adlı monoqrafiya işıq üzü görüb

Görkəmli polyak şairi və ictimai xadimi, Polşa ədəbiyyatında romantizmin banisi Adam Mitskyeviç öz ölkəsinin tanınmış simalarından biri olmaqla yanaşı, həm də ölməz əsərləri ilə Polşa ədəbiyyatını Şərq motivləri ilə zənginləşdirib. Onun yaradıcılığı ilə geniş mənada Avropa ədəbiyyatında Şərqə doğru yeni üfüqlər açılıb. Əsərləri dünya dillərinə tərcümə olunan Adam Mitskyeviç Azərbaycanda da tanınır. Görkəmli polyak şairinin əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə edilib, haqqında məqalələr yazılıb. Bununla belə, Adam Mitskyeviç və Azərbaycan mövzusu sistemli şəkildə araşdırılıb öyrənilməyib.

Bu yaxınlarda Azərbaycanda polyak ədəbiyyatının əsas tədqiqatçılarından və təbliğatçılarından biri olan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun “Adam Mitskyeviç və Azərbaycan” adlı monoqrafik tədqiqatı işıq üzü görüb. Əsərin redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi həmin institutun şöbə müdiri, professor Gülər Abdullabəyovadır.

Nəşrdə görkəmli şair Adam Mitskyeviçin həyat və yaradıcılığı ilə əlaqədar bir çox faktlar ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına gətirilib. Bu tədqiqatlar Azərbaycan-polyak ədəbi-mədəni əlaqələrinin araşdırılmasında yeni mərhələ hesab oluna bilər.

Monoqrafiya bu mövzuda yazılmış ilk ümumiləşdirilmiş elmi əsər kimi əhəmiyyətlidir. Nəşr Azərbaycan və polyak xalqlarının dostluğu və həmrəyliyi haqqında da geniş elmi təsəvvür yaratmağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: