www.science.az
08.04.2020 13:24

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun yaradılmasının 15 ili tamam olur

Azərbaycanın milli-mənəvi dəyərlərini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək missiyanı həyata keçirən AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun yaradılmasının 15 ili tamam olur.

Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan və Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən Naxçıvan Bölməsinin Əlyazmalar Fondu 2005-ci ildən fəaliyyət göstərir. Daim dövlət qayğısı ilə əhatə olunan fond son illər Naxçıvan Muxtar Respublikasına aid müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim çap kitabları ilə zənginləşdirilir.

Əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri, təbliği, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması, ümumilikdə Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişaf tarixinin öyrənilməsini qarşıya məqsəd qoyan fondda bu gün 600-dək qədim əlyazma və çap kitabı mühafizə olunur. Azərbaycan, türk, fars, ərəb və digər dillərdə tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, həndəsə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər elm sahələrini əhatə edən qiymətli materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablardır.

Fondda qorunub saxlanılan bir sıra nadir sənət nümunələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən hədiyyə edilib. Bir qismi fond əməkdaşları tərəfindən ərazidə ekspedisiyalar zamanı toplanılıb, qalanları isə müxtəlif şəxslər və təşkilatlar, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fondun balansına daxil olunub.

Bu gün fondun kitabxanasında Azərbaycan, ərəb, fars, ingilis və rus dillərində əksəriyyəti əlyazmaşünaslıq və mətnşünaslığa aid 300-dək müasir çap kitabı saxlanılır. Fondda qorunan kitabların bir qismi bərpa olunub, 200-dək kitab cildlənib və onlara müəyyən gigiyenik xidmət göstərilib.

15 il ərzində bu elmi-tədqiqat müəssisəsində əlyazmaların toplanılması və tədqiqi, onların gələcək nəsillərə çatdırılması üçün bir sıra mühüm işlər görülüb. Belə ki, nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilib. Ötən dövrdə fondun arxivində mühafizə olunan qədim əlyazma və çap kitablarının demək olar ki, hamısına ilkin elmi rəy yazılıb, onların adı, müəllifi, katibi, tərcüməçisi, yazılma, çap edilmə tarixi, yeri, xətti, həcmi və məzmunu müəyyən edilib. Fondda tarixin müxtəlif dövrləri üzrə araşdırmaların dərinləşməsində istifadə edilə biləcək mənbə kimi qiymətli olan bir sıra əsərlər tədqiqata cəlb olunub.

Görülən işlərin nəticəsi olaraq ümumilikdə fond əməkdaşlarının 25 kitab və monoqrafiyası, 300-dən çox məqalə və məruzəsi çap olunub.

Bunlarla yanaşı, fondda Naxçıvanın elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə də başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbrinin şəxsi arxivi yaradılıb.

Son illər beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi tədbirlər görən Əlyazmalar Fondu Təbriz Universiteti və Təbriz Mərkəzi Kitabxanası, Təbrizdəki “Əxtər” nəşriyyatı ilə yaxından əməkdaşlıq edir. Həmçinin Fond ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb ki, bu sənəddə də hər iki tərəfin birgə tədqiqatlar və təcrübə mübadiləsi aparması, gənc əməkdaşların peşəkarlıq səviyyəsini artırmaq üçün nəzəri və təcrübi məsləhətlərin verilməsi işinin təşkili, qarşılıqlı yardım əsasında tərəflərin kitabxana və arxivlərinin zənginləşdirilməsi, eləcə də digər məsələlər öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.