Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Alimlik və vətəndaşlıq borcumuz
10.04.2020 11:43
  • A-
  • A
  • A+

Alimlik və vətəndaşlıq borcumuz

Bu gərgin COVID-19 pandemiyası dönəmində də alimlərimizin elmi fəaliyyəti uğurla davam edir.

Bütün dünya hələlik tibbin qarşısında aciz qaldığı koronavirus pandemiyası ilə üz- üzədir. Bu duruma fəlakət, qlobal bəla, xəstəlik və sınaq kimi baxanlar da, təmizlənmə və katarsis kimi dəyərləndirənlər də öz baxış və mövqelərində haqlıdırlar.

Bunun əsl adı və mahiyyəti isə mövcud çətin vəziyyətin nizamlanmasından sonra, bu planetar problemin ayrı- ayrı sahələrdə qoyduğu izlərin dərəcəsindən bəlli olacaq. Hələlik bu burulğandan kimin nə ilə və necə çıxacağı bilinməsə də, bizim öhdəmizə doğmalarımızı, çevrəmizi və ümumilikdə dünyamızı qorumaq üçün “Evdə qal”maq düşür.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəsmi dövlət məmurları da, həkim də, alim də, müəllim də öz işinin başındadır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə elmi müəssisənin bütün institutları öz iş rejimini mövcud şəraitə uyğunlaşdırmışdır.

Axundov adına Milli Kitabxananın, Mərkəzi Elmi Kitabxananın oxuculara yüksək səviyyədə onlayn xidməti və AzSceinceNet elm-kompüter şəbəkəsinin fasiləsiz fəaliyyəti elmi tədqiqat institutlarının əməkdaşlarına öz elmi işlərini evdə həll etməkdə böyük yardım göstərir. Belə gərgin və narahat günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları da öz tədqiqatları ilə məşğul olur, elmi fəaliyyətlərini və yaradıcılıqlarını məhz evdə davam etdirirlər. İnstitutun direktoru, akademik İsa Həbibbəyli və rəhbərliyin digər nümayəndələri daim əməkdaşlarla mövcud şəbəkə servislərinin köməkliyi ilə əlaqə saxlayır, işlərin gedişatı ilə maraqlanırlar. Hal-hazırda İnstitutun əməkdaşları tərəfindən “Sənətkarın elmi pasportu” seriyasından - Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Mİrzə Fətəli Axundov, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Xanımana Əlibəyli, Kamal Talıbzadə, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı və adını çəkmədiyim bir neçə şair və yazıçının həyat və yaradıcılığından bəhs edən monoqrafiyalar üzərində iş gedir, bunlardan artıq əksəriyyəti nəşrə hazırdır. Bundan əlavə, yeddicildlik “Azərbaycan Ədəbiyyatı Tarixinin” V, VI, VII cildləri, “Molla Nəsrəddin Ensiklopediyası”, “Altmışıncılar” adlı elmi monoqrafiya da çapa hazırlanmaqdadır. İnstitutun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm” jurnalları da öz fəaliyyətini onlayn şəkildə davam etdirir.

İnstitutun literature.az saytı məsul şöbənin əməkdaşları tərəfindən idarə olunmaqla fasiləsiz fəaliyyət göstərir, əməkdaşların informasiya təminatı vaxtaşırı təmin edilir.

Məlumdur ki, ədəbiyyatın yazılmamış öhdəlikləri var. Bu gün həkim də, müəllim də işinin başındadır, sabah bütün baş verənlərin salnaməsini yaratmaq isə böyük ədəbiyyatın öhdəsinə düşəcək. Sözün enerjisi böyükdür, indiki məqamda onun təsəlliedici, stimullaşdırıcı, səbr və iradə aşılayıcı gücünə daha çox ehtiyac duyulur. Bu baxımdan, söz adamlarının çiyninə böyük yük düşür. Ədəbiyyat mövqeyini hələlik mətbuatda, sosial şəbəkələrdəki statuslarda, kiçik mətnlərdə, hansısa videoçarxlarda göstərir.

Qeyd edim ki, Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən də koronavirus infeksiyasının yaratdığı fərqli həyat tərzinə cəmiyyətdəki müxtəlif rakurslu baxışları, bəzən yumoristik, bəzən depressiv münasibəti əks etdirən bədii nümunələr yazılır. Zamanın narahat və gərgin dönəmində baş verənlərə ziyalı münasibəti bu və digər formalarda əks olunmaqdadır.

Sonda çətin günlərdə öz iradələrinə dayanaraq “Evdə qal”an dəyərli xalqımıza can sağlığı və xoş ovqat, elmi fəaliyyətindən qalmayan ziyalılarımıza, alimlərimizə yaradıcılıq uğurları arzulayıram.

Aygün BAĞIRLI, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, fil.ü.f.d., dosent

525-ci qəzet

  • Paylaş: