Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitab ingilis dilində nəşr olunub
14.04.2020 14:24
  • A-
  • A
  • A+

“Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitab ingilis dilində nəşr olunub

Dünya Florası Onlayn Konsorsiumunun bərabərhüqülu üzvü olan AMEA-nın Botanika İnstitutu 2014-cü ildən Azərbaycanın e-florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparır. Bu istiqamətdə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısının (çeklistin) tərtib olunması nəzərdə tutulub.

Məlumat siyahısının verildiyi “Azərbaycanın çiçəksiz ali bitkiləri” kitabının I cildinin mövcud COVID-19 pandemiyası ilə əlaqədar yalnız elektron versiyası işıq üzü görüb. Bu cild institutun Elmi şurasının qərarı ilə Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov, Herbari şöbəsinin müdiri, b.ü.f.d Pərvanə Qaraxani və elmi işçi Zenfira Əliyevanın həmmüəllifliyi ilə nəşrə hazırlanıb.

Yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatur Kodeksinə (Şenzen Kodu, 2018) əsasən hazırlanmış nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, məsul redaktoru isə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadədir. Nəşrin elmi resezenti ABŞ Missuri Botanika Bağının prezidenti, Dr. Piter Uayz Cekson, rəyçiləri Ukrayna Elmlər Akademiyasının müxbir üzvü Sergey Mosyakin, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Svetlana Litvinksaya, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

Bu cilddə ilk dəfə olaraq Azərbaycan florasının çiçəksiz ali bitkilərinə aid bütün ədəbiyyat məlumatları ümumiləşdirilib və təhlil edilib, onların öyrənilmə dərəcəsi dəqiqləşdirilib, molekulyar filogenetik tədqiqatlara və müasir nomenklaturaya əsasən taksonomik bölgüsü hazırlanıb, taksonların sinonimləri, həyat formaları, fenologiyası və botaniki-coğrafi rayonlar üzrə yayılması qeyd olunub. Müasir nomenklatur dəyişiklikləri nəzərə alan təftiş nəticəsində sporlu vaskulyar bitkilərin 17 fəsilə və 29 cinsinə aid 97 taksonunun, çılpaqtoxumluların isə 5 fəsilə və 20 cinsə aid 56 taksonunun siyahısı tərtib edilib.

Vəsait yerli və xarici mütəxəssislərlə yanaşı, əlaqədar tədris-tədqiqat sahələri və Azərbaycan florasının öyrənilməsinə maraq göstərən geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub.

“Azərbaycanın çiçəksiz ali bitkiləri” elektron kitabı dünyanın müxtəlif aparıcı elmi-tədqiqat müəsissəsələrinin botanik alimlərinə paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: