www.science.az
15.04.2020 12:39

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 15-də 87 yaşında vəfat edib.

Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuş, 1975-ci ildə universiteti “Dağ mühəndisi geofizikası” ixtisası üzrə bitirmişdir.

O, 1964-cü ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə geofizika üzrə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Professor K.Kərimovun elmi fəaliyyətinin əsas istiqamətlərini seysmologiya, geoloji qu­ru­luşun öyrənilməsi və geofiziki üsullarla neft-qaz yataqlarının axtarışı təşkil edirdi. Alimin Azərbaycanın neft sənayesinin inkişafında da xüsusi xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilmiş və ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması münasibətilə ona “Qayıdış” adı verilmişdir.

Azərbaycan geofizikası sahəsində xüsusi məktəb yaradan alim 550-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, 28 ixtira və 135-dən çox atlas və xəritənin müəllifi idi. Onun 76-dan artıq elmi əsəri Amerika, Fransa, İngiltərə, Rusiya, Misir, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Yaponi­ya və digər ölkələrdə dərc edilmişdir.

K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləmişdir.

1995-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilən alim 1997-ci ildə həmin akademiyanın vitse-prezidenti təyin edilmişdir. 1996-cı ildə Avropa Geofiziklər Assosia­siyasının, 1997-ci ildə İngiltərənin Neft Cəmiy­yətinin həqiqi üzvü seçilmişdir.

O, Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına və Qızıl medala layiq görülmüşdür. Həmçinin 2000-ci ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrdə nailiyyətlərinə görə” diplomu və gümüş medalı ilə, 2003-cü ildə isə Yusif Məm­mədəliyev adına medalla təltif olunmuşdur.

Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­pub­likasının "Əməkdar elm və texnika xadimi” fəxri adını qazanmış­, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülmüşdür.

K.Kərimov 2000-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Lütfi Zadə adına Aka­demiyanın, 2002-ci ildə Avropa Elmlər Akademiyasının, həmçinin Şərq Neft Akademiyasının və Ekoenergetika Akade­miyasının akademiki seçilmişdir. Neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə AMEA-nın və ARDNŞ-ın Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Prof. K.Kərimov həm də orijinal palitraya malik istedadlı rəssam idi. O, minlərlə karikaturanın müəllifi idi. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı siyasət və onun acı nəticələri təşkil edirdi. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edirdi. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilmişdir.

Şərəfli ömür yaşamış Kərim Kərimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.