Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutu elmi seminarlarını onlayn davam etdirir
27.04.2020 13:16
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu elmi seminarlarını onlayn davam etdirir

Koronavirus pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimində AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu elmi seminarlarını onlayn şəkildə bərpa edib.

İlk onlayn elmi seminarda institutun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların sosial təcrid şəraitində fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, əməkdaşlar plana uyğun olaraq elmi-tədqiqat işlərini məsafədən aparır, məqalələr üzərində işləyir, kütləvi informasiya vasitələrinə müsahibələr verirlər. Aprel ayının əvvəlindən bu günədək alimlər coğrafiyanın müxtəlif sahələrini əhatə edən və günün tələblərinə cavab verən mövzularda tədqiqat işləri aparıb, həmçinin KİV-də çıxışlar ediblər.

Akademik R.Məmmədov Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibovun və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərovun Türkiyənin Samsun Universitetinin elmi işçisi Fatih Ocakla birgə hazırladıqları “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqindən danışıb. O, bu sistəmlə Coğrafiya İnstitutunun daha bir əhəmiyyətli layihəyə imza atdığını xüsusi qeyd edib.

İnstitut rəhbəri “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi barədə də məlumat verərək, kitabın buraxılışına məsul, elmi işlər üzrə direktor müavini, c.ü.f.d. Məhərrəm Həsənovun əsərin 3-cü cildinin vaxtında və yüksək səviyyədə ortaya qoyulması üçün bu işə böyük məsuliyyətlə yanaşdığını bildirib. O, həmçinin magistrantlar üçün onlayn dərslərin uğurla davam etdiyini diqqətə çatdırıb.

Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev “Koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn seminarda böyük elmi işçi Yaşar Nəsibov “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında məlumat verib. Bildirib ki, bu sistem sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVID-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə etməyə imkan yaradır. Sistemin tətbiqi ilə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə sürətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür. Rəsmi qurumlar tərəfindən gündəlik məlumatlar əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

Sonra Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə əməkdaşlarınn Ümumdünya Səhiyyə Təşkilatının “Təmiz əllər” kampaniyasında iştirakı barədə məlumat verib. O, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin karantin dövründə fəaliyyətindən danışıb.

Elmi müəssisənin karantin dövründəki fəaliyyətini müsbət qiymətləndirən direktor iclasa yekun vuraraq, xalqımızın tezliklə koronavirus bəlasından qurtulacağına və iclasların yenidən institut daxilində keçiriləcəyinə əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: